Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi açıqlanıb

Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,1 faiz artaraq 4,2 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, sənayenin qeyri neft-qaz sektorunda istehsal əvvəlki ilin yanvar ayı ilə müqayisədə 16,6 faiz, neft-qaz sektorunda isə 0,6 faiz artıb. Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma, 26,4 faizi emal, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 80,8 faiz olub. Ümumi istehsalın 88,2 faizi sənaye məhsullarının istehsalı, 11,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Mənbə: az.trend.az