Vüsal Qasımlı: Daşınmaz əmlak bazarının finteklərinə yatırılan investisiyaların həcmi artıb

Vüsal Qasımlı: Daşınmaz əmlak bazarının finteklərinə yatırılan investisiyaların həcmi artıb

“Daşınmaz əmlak bazarının finteklərinə yatırılan investisiyaların həcmi öncəki illərlə müqayisədə artıb”.

TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, daşınmaz əmlak sahəsində məlumat bazasının idarə olunması, bazar araşdırmalarının aparılması kimi funksiyaları süni intellektə əsaslanaraq yerinə yetirən 60 milyon dollar dəyərində “Reonomy”, qiymətləndirmə və anderraytinq əməliyyatlarını həyata keçirən “Cherre”, mülkiyyəti avtomatik qiymətləndirən “Bowery” və digər bu kimi startaplar investorların marağını cəlb edə bilib: “Bu sahədə Marketplace (qarşı tərəfləri bir araya gətirən ticarət platforması) rolunu oynayan finteklər də fəaliyyət göstərir (“PeerStreet”,”Roofstock”, “Qualia”, “States title”, və s). Bu platformaların köməyi ilə daşınmaz əmlak bazarında maraqlı tərəflərin əlaqələndirilməsi daha asan və çevik, eyni zamanda aparılan əməliyyatlar da daha sürətli və az riskli olur”.

V.Qasımlı investisiya siyasətinin qlobal trendlərindən danışıb: “Son zamanlar investisiya siyasətinin və seçimlərinin əsas meyarı qlobal trendlərindən çevrilmiş ətraf-mühit və sosial rifaha əsaslanan idarəetmədir (ESG). Böyük şirkətlər öz investisiya portfellərinin idarə olunmasında mütləq şəkildə ESG prinsipinə əsaslanırlar. Bu meyar daha çox mənəvi xarakter daşısa da müasir dövrdə investorlar üçün hətta gəlirlilikdən daha öndə durur. Təsadüfi deyil ki, 6,9 trilyon dollar dəyərində aktivləri idarə edən böyük investisiya şirkəti “Black Rock”-un CEO-su Larry Fink ESG investisiyalara verdiyi önəmi “iqlim riski investisiya riskidir” ifadələri ilə ictimaiyyətə açıqlayıb. Bu istiqamətdə də fintek öz qatqısını verib. Belə ki, ötən il karbon emissiyasını analiz edən “Carbon Delta”, ESG məlumatlarını analiz edən “SynTao Green Finance” kimi texnoloji startapları yaradılıb”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru “Regtech” (tənzimləmə texnologiyası) və “Suptech” (idarəetmə texnologiyası) barədə məlumat verib: “İlk olaraq ABŞ və Böyük Britaniyada tətbiq olunan bu texnologiya son illər digər ölkələrdə də tətbiq olunmağa başlayıb. Yalnız 2019-cu ildə bu sahəyə yatırılan investisiyaların həcminin iki dəfədən çox artdığını görə bilərik. Monitorinq və qiymətləndirmə, audit, hüquqi normalara uyğunluq, müvafiq planların icrasına və nəticələrə nəzarət və s. xidmətləri avtomatlaşdırılmış şəkildə həyata keçirən bu yeniliyin tətbiqinin 2020-ci ildə daha da artacağı proqnozlaşdırılır”.

V.Qasımlı kriptovalyutanı investisiya mənbəyi kimi qələmə verərək rəqəmsal valyuta bazarı haqqında da fikrini bildirib: “Bir zamanlar yüksək populyarlıq qazanan kriptovalyutalara gəldikdə isə, onlar öz aktuallığını itirsələr də, bazarda kriptovalyutalarla tranzaksiyaların aparılması davam edir, eyni zamanda, onlar hələ də investisiya mənbəyi olaraq qiymətləndirilirlər. Eyni zamanda, kriptovalyutalarla aparılan tranzaksiyaların vergi ödənişlərinin müəyyənləşdirilməsi, kripto investisiya portfellərinin idarə olunması kimi funksiyaları yerinə yetirən “Zenledger” və “TAXbit”, kriptovalyuta və ənənəvi maliyyə hesabları arasında körpü rolunu oynayan “VERADY” startapları da yaradılıb”.

Fatimə ZÜLFİQAR

Mənbə: ted.az