Ekspert: “Sarı kəsişmə toru sürücülərin qaydalara diqqətini artırdı”

Ekspert: “Sarı kəsişmə toru sürücülərin qaydalara diqqətini artırdı”

Tıxaclar hərəkət təhlükəsizliyi səviyyəsinin aşağı düşməsinə, insanların lazımi ünvana gecikməsinə, operativ nəqliyyat vasitələrinin ləngiməsinə, eyni zamanda ekoloji və iqtisadi zərərə səbəb olur. Yol hərəkətinin əsas iştirakçısı kimi sürücülər tıxacların yaranmasında müəyyən qədər məsuliyyət daşıyırlar.

Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının dosenti Allahverdi Şərifov "Finans.az”a verdiyi açıqlamada bildirib ki, bəzən sürücülərin qeyri-peşəkarlığı tıxaclara səbəb olur:

"Tıxacların yaranmasında sürücülərin törətdiyi qayda pozuntularının da rolu var. Bəzi sürücülərimiz səbrsizdir. Onlar bir-birinə sürücü hörməti qoymalı, bir-birini başa düşməlidir. Bundan əlavə, sürücülərin qeyri-peşəkarlığı da tıxaclara səbəb olur. Məsələn, kəsişmə yollarında sürücü qarşı tərəfə keçəndə tıxac yaranır. Yollardakı sarı kəsişmə toru yol ayrıcının sərhədlərini bildirir. Yolda tıxac olsa belə, sürücü o sərhədləri keçməməlidir. Yollarımızda sarı kəsişmə toru istifadə ediləndən sürücülər qaydalara riayət edirlər. Sarı kəsişmə torunun tətbiqi sürücülərin qaydalara daha çox diqqət etməsinə səbəb oldu”.

Mənbə: sfera.az