Azərbaycan Dövlət Aqrar Universitetində Magistrantların Respublika Elmi Konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində Magistrantların Respublika Elmi Konfransı keçirilib

Gəncə, 28 fevral, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Magistrantların Respublika Elmi Konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, konfransı açan universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov bildirib ki, dövlətimizin aqrar sektora, aqrar təhsilə və aqrar elmə qayğısı sayəsində ADAU-nun maddi-texniki bazasının tamamilə yenidən qurulması, tədris korpuslarının əsaslı təmiri, yeni korpusların inşası, beynəlxalq əlaqələrin genişlənməsi, əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar üzrə aqrar mütəxəssis hazırlığının həyata keçirilməsi tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinə öz töhfələrini verməkdədir.

Həyata keçirilən tədbirlərin nəticəsi kimi 100 illik zəngin tarixi olan universitetdə son illərdə əldə olunan uğurlar ADAU-nu beynəlxalq və respublika səviyyəli tədbirlərin məkanına çevirib.

Universitetin elmi işlər üzrə prorektoru Ramin Məmmədov qeyd edib ki, Təhsil Nazirliyinin 29 yanvar 2020-ci il tarixli “Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində 2020-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısının təsdiqi barədə” əmrinə əsasən ADAU-da Magistrantların Respublika Elmi Konfransı keçirilir. Konfransın məqsədi respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan magistrantların apardıqları elmi-tədqiqat işlərinin metodikalarının, nəticələrinin müzakirəsini təşkil etməklə iştirakçılar arasında fikir mübadiləsini həyata keçirmək və mühüm elmi nəticələri elmi sferada paylaşmaqdan ibarətdir.

Sonra Bakı Dövlət Universitetinin magistrantı Nigar İmaməliyeva “Kənd turizminin regionların sosial-iqtisadi vəziyyətinə təsiri”, ADAU-nun Yerquruluşu və torpaq müfəttişliyi ixtisasının magistrantı Aytac Cəfərova, Bitkilərin seleksiyası ixtisasının magistrantı Sevinc Bədəlova “Soya bitkisinin becərilmə aqrotexnikası”, Menecment Alman ixtisasının magistrantı Arzu Seyidli, İstehlak mallarının keyfiyyət ekspertizası ixtisasının magistrantı Əmrah Orucov, Meliorasiya, rekultivasiya və torpaq mühafizəsi ixtisasının magistrantı Tahirə Mirzəyeva çıxış edərək məruzələrini səsləndiriblər.

Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Milli Aviyasiya Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, AMEA-nın Zoologiya İnstitutu, Qərbi Kaspi Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər ali təhsil müəssisələrinin magistrantlarının da iştirak etdiyi konfransda 100-ə yaxın məruzə dinlənilib.

Mənbə: azertag.az