Cənub Qaz Dəhlizinin ilin sonuna kimi istismara verilməsi üçün bütün tərəflər öz qüvvələrini səfərbər edib - Klaus-Dieter Borxardt

Cənub Qaz Dəhlizinin ilin sonuna kimi istismara verilməsi üçün bütün tərəflər öz qüvvələrini səfərbər edib - Klaus-Dieter Borxardt

Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın deyil, layihədə hazırda təmsil olunan bütün üzvlərin və gələcəkdə bu dəhlizlə öz enerji resurslarının yeni bazarlara ixracında maraqlı olacaq istənilən ölkənin uzunmüddətli və dayanıqlı inkişafı ilə bağlı məqsədlərinə töhfə verəcək bir layihədir.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt Cənub Qaz Dəhlizi Məşvərət Şurasının altıncı iclası zamanı deyib ki, açıq dənizlərə çıxışı olmayan Azərbaycanın böyük bir coğrafiyanı əhatə edən bu qlobal təşəbbüsünün daim beynəlxalq dəstəklə tam əhatə olunması da Cənub Qaz Dəhlizinin bütün tərəflərin maraqlarının təmin olunmasına və qarşılıqlı faydalı qlobal əməkdaşlıq mühitinin yaradılmasına əsaslanan bir məqsədi izləməsinin göstəricisidir:

"TAP-ın, beləliklə də Cənub Qaz Dəhlizinin, qrafikə uyğun başa çatdırılması çox vacibdir. Layihənin ilin sonuna kimi istismara verilməsi üçün bütün tərəflər öz qüvvələrini səfərbər edib, uğurlu əməkdaşlıq modeli yaradılıb. Cənub Qaz Dəhlizi vasitəsilə 7 ölkə və çoxsaylı şirkətlərdən ibarət çoxtərəfli əməkdaşlıq formatı isə layihənin nəinki vaxtında yekunlaşmasını, həm də davamlı inkişafa xidmətini, ölkələrarası münasibətlərin möhkəmlənməsini təmin etmək iqtidarındadır".

O qeyd edib ki, Cənub Qaz Dəhlizi siyasi uzlaşma, güclü tərəfdaşlıq, davamlı dəstəklə yanaşı böyük maliyyə vəsaiti tələb edən nəhəng infrastruktur layihəsidir:

"Layihə maliyyə problemi olmadan, xərclərin səmərəliliyi yüksək səviyyədə təmin edilməklə həyata keçirilir. Cənub Qaz Dəhlizinin digər bir uğuru layihə çərçivəsində görülən işlərdə xeyli sayda insanın məşğulluq probleminin həllidir. Ona görə də Cənub Qaz Dəhlizi yalnız enerji təhlükəsizliyinin elementi yox, həm də böyük bir məkanda iqtisadi və sosial inkişafın güclü hərəkətverici qüvvəsidir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunması və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq".

Demokratikmusavat.com

Mənbə: demokratikmusavat.com