“Kriptovalyutalar bir zibilə də yaramır” - Uorren Baffet

“Kriptovalyutalar bir zibilə də yaramır” - Uorren Baffet

Dünyanın ən uğurlu sahibkar və investorlarından biri, həmçinin zəngin iş adamlarından sayılan Uorren Baffet hər kəsi kriptovalyutalardan uzaq durmağa çağırıb və ona heç bir halda sərmayə qoymayacağını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinaəla xəbər verir ki, bu barədə “Hightech+” portalı məlumat yayıb. U.Baffetin fikrincə, kriptovalyutanın heç bir dəyəri yoxdur, onlar real iqtisadiyyata, əmtəə və xidmətlərin istehsalına söykənmirlər, buna görə də real dəyəri də sıfıra bərabərdir.

“Squawk Box” televiziya proqramına müsahibə verən milyarder investor heç bir zaman nə özünün, nə də ona məxsus olan “Berkshire Hathaway” şirkətinin rəqəmsal valyuta əldə etdiyini söyləyib.

“Mənim biznes,istehsal, əmtəə, xidmət bazarındakı bütün biliklərim göstərir ki, bu cür yalançı göstəricilərə malik pul mənbəsi ola bilməz”, deyə o qeyd edib.

Bundan daha öncə amerikalı sərmayədar kriptovalyutanı “otaqdakı siçan zəhərinə” və “illüziyaya” bənzətmişdi. 2019-cu ildə “TRON” rəqəmsal valyutasının əsasını qoyan “BitTorrent” şirkətinin rəhbəri Castin Sun bir xeyriyyəçi auksionda təşkil olunan hərracda 4,8 milyon dollar ödəyərək Uorren Baffetlə nahar etmək hüququnu qazanaraq onun bununla bağlı fikrini dəyişmək istəmişdi. Lakin tərəflərin üç saat yarımlıq söhbətindən sonra onların hər ikisinin öz mövqelərində qaldığı barədə məlumat verilib.

Mənbə: azpolitika.info