Koronavirus maliyyə bazarlarını çökdürüb. Ekspertlər dünya iqtisadiyyatı üçün təhlükə yarandığını deyirlər

Koronavirus maliyyə bazarlarını çökdürüb. Ekspertlər dünya iqtisadiyyatı üçün təhlükə yarandığını deyirlər

Artıq 6 gündür ki, dünya üzrə bütün maliyyə bazarlarında düşüş davam edir. Treyderlər və investorlar Covid-19 koronavirusunun dünya iqtisadiyyatını çökdürəcəyindən ehtiyat edirlər. Təxminən 50 ölkədə 80 mindən çox yoluxma və 2800-dən çox ölüm faktı qeydə alınıb. Yoluxma və ölüm halları ən çox Çində baş verib.

Cümə axşamı auksionundan dərhal sonra ABŞ-ın "Dow Jones" indeksi 4,4 faizlik dəyər itirərək tam 1200 bənd azalıb; bu, bəndlər üzrə tarixdə ən kəskin düşüşdür. "S&P 500" indeksi də 4,4 faiz itirib, digər indekslərdə isə vəziyyət belədir: "Nasdaq" - 4,6 faiz, FTSE (London) - 3,5 faiz, "Nikkei" (Yaponiya) - 2 faizdən çox.

ABŞ və Avropa bazarlarının bir həftəlik itkisi dünya maliyyə böhranının baş verdiyi 2008-ci ildən bu yana ən ciddi həddə çatıb. Son altı gündə dünya üzrə bütün şirkətlərin səhmləri ümumən 3,6 trilyon dollarlıq dəyər itkisinə məruz qalıb.

Rusiya bazarlarında da oxşar vəziyyətdir: cümə axşamı auksionunun nəticələrinə görə, "MosBirja" indeksi 3,4 faiz, RTS indeksi 5,1 faiz, "Moskva birjası"ndakı səhmlərin böyük əksəriyyəti 10 faiz dəyər itirib. Ekspertlər bunu neft qiymətlərinin kəskin düşməsi və koronavirusun yayılma təhlükəsiylə izah edirlər.

Getdikcə daha çox ölkə virusun yayılmasına qarşı tədbirlər görməkdəykən (İnsanlara səyahət etməmək məsləhət görülür, müxtəlif müəssisələrin fəaliyyəti dayandırılır, mağazalara getdikcə daha az satıcı gəlir), indekslər düşməyə davam edir.

Dünyada nələr baş verir?

İtaliya

Koronavirusdan ən çox ziyan Avropa ölkəsi İtaliyadır - cümə gününün səhəri bu ölkədə 655 yoluxma, 17 ölüm faktı qeydə alınıb. Ölkənin şimalında yerləşən 11 şəhərdə karantin elan olunub.

Bütün İtaliyada kütləvi tədbirlər təxirə salınır, Milandakı "La Skala" opera teatrı fəaliyyətini dayandırıb. Milan moda həftəsinin bəzi nümayişləri boş zallarda keçirilib, Venesiyada karnaval təxirə salınıb.

BBC müxbiri Mark Lowen İtaliya hökumətinin əhali arasındakı panikanı aradan qaldırmağa çalışdığını bildirir. Xarici işlər naziri bəyan edib ki, "doğru olmayan informasiya epidemiyası" İtaliyaya "virusun özündən çox" zərər vuracaq.

O, yoluxma hallarının bütün şəhərlər üzrə cəmi 0,1 faiz təşkil etdiyini qeyd edib. Baş nazir Giuseppe Conte isə "Panikaya son qoymaq lazımdır" deyib.

Koronavirus: maskaları kim, harada və necə taxmalı?

Müxbirimizin sözlərinə görə, dünya əhalisinin situasiyanı necə qiymətləndirməsi həlledici təsirə malikdir. Donald Trump-ın İtaliyaya səfərləri məhdudlaşdırmaq ehtimalından danışması, İsrailin İtaliyadan gələn əcnəbilərə ölkəyə girişi qadağan etməsi, Küveytin Milandakı vətəndaşlarını evakuasiyaya başlaması İtaliya hökumətinin ölkədəki situasiyanın qavranılması vəziyyətinə təsir imkanlarını məhdudlaşdırır.

3 yoluxma faktının qeydə alındığı Yunanıstan bütün karnavalları təxirə salmaq qərarına gəlib. Almaniyada artıq 48, Fransada 38, İspaniyada isə 15 nəfər xəstələnib.

Tenerifedəki (Kanar adalarından biri) otellərdən birində əvvəl bir, sonra daha 3 italiyalı turistdə koronavirus aşkar edildiyi üçün oteldəki 600 nəfərə binadan çıxmaq qadağan olunub. Cümə axşamı onlardan 130-una oteli tərk etməyə icazə veriblər.

Yaponiya (214 yoluxma) və İraq (7 yoluxma) ölkədəki bütün məktəbləri bağlayıblar. Eyni qərar Çində və Honkonqda da qəbul olunub.

Yaponiyada məktəblər yaz tətilinin sonuna - aprelin əvvəlinə qədər bağlı qalacaq və bu, 13 milyon məktəblini əhatə edəcək. Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, mart ayının birinci həftəsində infeksiyanın qarşısını almaq "son dərəcə vacib" olacaq. Xəbər verilir ki, xəstələrdən biri - Osaka sakini 40 yaşlı qadın sağalıb, ancaq sonrakı analizlər qanında hələ də virus olduğunu göstərib.

Çin və Cənubi Koreya

Cümə axşamı Çində koronavirusdan 29 nəfər ölüb, 433 yoluxma faktı qeydə alınıb. Ölkə üzrə yoluxanların sayı təxminən 79 min nəfərə, ölənlərin sayı isə 2788 nəfərə çatıb.

Hakimiyyət viruslu bölgələrdən Pekinə gələnlərə əmr edib ki, özlərini başqalarından təcrid etsinlər.

200 milyona yaxın məktəbli yaz tətilindən sonra da məktəblərə qayıtmayacaq və onlayn təhsil alacaq.

Azərbaycan: 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Yoluxma sayına görə Çindən sonra ikinci yerdə gələn Cənubi Koreyada 1700-dən çox viruslu xəstə var. Cümə günü məşhur BTS qrupunun konsert turunun ləğv olunduğu bildirilib. Qrup aprel ayında Seul stadionlarının birində 200 min tamaşaçının qatılacağı 4 konsert verməliydi.

Yeni yoluxmaların 90 faizi Cənubi Koreyanın Tequ şəhərində (Seuldan 300 km cənub-şərqdə) qeydə alınıb. Xəstələnənlərin çoxu apokaliptik "Şin-Çonci şahidliyi çadır məbədi" təriqətinə aid olanlardır. Hazırda hökumət 210 min üzvü olan bu təriqətin digər nümayəndələrini də müayinədən keçirir.

Şəhər rəhbərliyi bəyan edib ki, təriqətin liderlərinə qarşı xəstəliklə mübarizə qaydalarını pozmaq ittihamı irəli sürüləcək, çünki onlar üzvlərin tam siyahısını təqdim etmirlər.

Səudiyyə Ərəbistanında yoluxma halları yoxdur. Ölkə əcnəbilərin Məkkə və Mədinə şəhərlərinə ziyarətini durdurub. Koronavirusla bağlı situasiyanın bu il iyul ayına təsadüf edən Həcc ziyarətinə necə təsir edəcəyi hələ ki, aydın deyil.

İran

İran virusun Yaxın Şərqə yayılmasının mərkəzi olaraq qalmaqdadır (245 yoluxma, 26 ölüm).

BBC-nin səhiyyə üzrə müxbiri James Gallagher-in qeyd etdiyi kimi, bu, yoluxanlar arasında ölüm hallarının 10 faizdən çox olması deməkdir (ÜST-nin qiymətləndirməsinə görə 14 faiz). Digər ölkələrdə bu göstərici 1 faiz təşkil edir. Müxbirimiz bunu yoluxanların sayının bilərəkdən azaldılması kimi dəyərləndirir.

ÜST İranın daha çox yoluxma faktı açıqlayacağını gözləyir; ÜST ekspertlərinin rəyinə görə, hazırda bu ölkədə ancaq ağır halları qeydə alırlar.

Problem artıq müvəqqəti deyil?

"Qorxu və qeyri-müəyyənlik hökm sürəndə bazarlar dərhal reaksiya verir. Bu gün bu halların hər ikisi var, həm də həddindən artıq səviyyədə" - "Bankrate" şirkətinin analitiki, personal maliyyə mütəxəssisi belə deyir.

Nəticə etibarilə investorlar riski az olan aktivlərə, məsələn, hökumətlərin qiymətli kağızlarına investisiya qoymağa üstünlük verirlər.

Böyük korporasiyalar, o cümlədən "Microsoft" və "Rio Tinto" (dünya üzrə üçüncü metallurgiya şirkəti) satış planlarını yerinə yetirə bilməyəcəklərini açıqlayıblar. Cümə axşamı "Facebook" bəyan edib ki, proqram təminatı istehsalçılarının may ayına təyin olunmuş konfransını təxirə salır.

Daha əvvəl ekspertlər virusun dünya iqtisadiyyatı üçün müvəqqəti xarakter daşıdığını düşünürdülər, ancaq indi onlar bu qədər optimist deyillər.

Çərşənbə günü ABŞ-ın Federal Ehtiyat Sisteminin keçmiş rəhbəri Janet Yellen deyib ki, koronavirus Amerikada resessiyaya səbəb ola bilər, "Goldman Sachs" investisiya bankı isə müştərilərinə bu il gəlirlərinin artmayacağıyla bağlı xəbərdarlıq edib. Bank bunu Çində və ABŞ-da iqtisadi aktivliyin azalması və "biznesdə qeyri-müəyyənliyin artmasıyla" izah edib.

Mənbə: www.bbc.com