Azərbaycanlı turistlərin Gürcüstandakı orta xərcləri artdı

Azərbaycanlı turistlərin Gürcüstandakı orta xərcləri artdı

2019-cu ildə Azərbaycandan olan ziyarətçilərin Gürcüstanda orta xərcləri 395,5 lari (240,70 manat) təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının illik araşdırmasında bildirilib.

İllik müqayisədə azərbaycanlı turistlərin orta xərcləri 10,5 lari (6,39 manat) artıb.

Hesabat ilində Gürcüstanda əcnəbi ziyarətçilərin xərclədikləri orta məbləğin ən az həcminə görə Azərbaycandan olan turistlər birinci yeri tutub. Azərbaycanlı turistlər qonşu ölkədə ən qənaətcil ziyarətçi adını 2015-ci ildən qoruyub saxlayır.

Ötən il Gürcüstanda ən çox pul xərcləyən turistlər arasında birinci yeri Rusiya (1 282,4 lari) tutub.

2019-cu ildə qonşu ölkədə səfərdə olan xarici ziyarətçilərin ümumi xərcləri 8,5 mlrd. lari (3,1 mlrd. ABŞ dolları) olub. Turistlərin bir səfər ərzində xərcləri isə orta hesabla 1 102 lari (392 dollar) təşkil edib.

Hesabat ilində Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 7,2% artaraq 1 526 619 nəfər təşkil edib. Azərbaycandan olan turistlərin 94,6%-i qonşu ölkədə təkrar, 4%-i isə ilk dəfə səfərdə olub.

Azərbaycanlı turistlərin Gürcüstanda gecələmə müddəti orta hesabla 1,8 gün təşkil edib.

Mənbə: report.az