Gürcüstandan fərqli olaraq Türkiyə və Azərbaycan koronovirsudan “çəkinmir”…

Gürcüstandan fərqli olaraq Türkiyə və Azərbaycan koronovirsudan “çəkinmir”…

Bu ilin yanvar ayı ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 33 milyard 966 milyon dollar olub. Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur. Bu dövürdə qardaş ölkədə idxalın həcmi 18,8% artaraq 19,2 milyard dollara, ixracın həcmi isə 6,4% artaraq 14,7 milyard dollara yüksəlib.

Xarici ticarət dövriyyəsində mənfi saldo (kəsr) 2 dəfəyə yaxın artaraq 4,4 milyard dollara çatıb.

Hər zaman olduğu kimi yanvar ayında da Türkiyədən ən çox məhsul Almaniyaya satılıb. Yanvar ayında Almaniyaya 1,4 milyon dollar dəyərində məhsul satıb və ötən ilin yanvar ayı ilə müqayisədə 1,8% artıb. İxracda ikinci sırada 888 milyon dollarla İtaliya (artım - 9,2%), 869 milyon dollarla Böyük Britaniya (azalma - 9,2%), 816 milyon dollarla İraq (artım – 13,2%), 746 milyon dollarla ABŞ (artım – 10,6%) yer alıb.

Türkiyənin ən çox məhsul satdığı ölkələrin sırasında İsrail 9-cu, Rusiya 10-cu sırada yer alıb və yanvar ayında Türkiyə İsrailə 383 milyon dollar, Rusiyaya 357 milyon dollar dəyərində məhsul satıb. Ötən ilin yanvar ayı ilə müqayisədə Türkiyənin İsrailə satdığı məhsullarıln dəyəri 27,6%, Rusiyaya satdığı məhsullarıln dəyəri isə 25,1% artıb.

İdxala gəldikdə isə Türkiyənin ən çox məhsul aldığı ölkə Rusiya olub. Yanvar ayında Türkiyə Rusiyadan 2 milyard 83 milyon dollar dəyərində məhsul idxal edib və ötən ilin analoji dövrü ilə müqayisədə 18,4% artıb.

Türkiyənin idxalında diqqət çəkən məqamlardan biri odur ki, yanvar ayında Çində koronovirus epidemiyasının yayılmasına baxmayaraq Türkiyə Çindən 1 milyard 886 milyon dollar dəyərində məhsul idxal edib. Türkiyənin Çindən idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 25,5% artıb. Nəticədə Çin Türkiyənin ən çox məhsul aldığı 2-ci ölkə olub.

Məlumat üçün qeyd edək ki, koronovirsu təhlükəsi Türkiyədə olduğu kimi Azərbaycanla-Çin arasındakı əlaqələrə də təsir etməyib. İki ölkə arasındaki ticarət dövriyyəsi koronavirus səbəbindən nəinki azalıb, hətta artıb. Belə ki, bu ilin yanvar ayında Azərbaycan Çindən 113 milyon 992 min 410 dollar dəyərində məhsul idxal edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Çindən idxal etdiyi mallar dəyər ifadəsində 30% və ya 26 milyon 510 min 580 dollar artıb. Onu da bildirək ki, əvvəlki illərin yanvar aylarında da Çindən gətirilən mallar heç vaxt bu səviyyəyə yüksəlməyib.

Onu da bildirək ki, Türkiyə və Azərbaycandan fərqli olaraq qonşu Gürcüstan bu ilin yanvar ayında Çindən idxal etdiyi məhsulları azaldıb. Bu ilin yanvar ayında Gürcüstan Çindən 65 milyon dollar dəyərində məhsul idxal edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,6% az olub.

A. Cəfərov

Mənbə: www.yeniavaz.com