Hökumət və xalqın qarşılıqlı məsuliyyəti - TƏHLİL

Hökumət və xalqın qarşılıqlı məsuliyyəti - TƏHLİL

Yəqin ki, yaxın saatlarda dünyada koronavirusa yoluxanların sayı 500 min nəfəri ötəcək. Sürətlə yayılan pandemiya dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda ciddi karantin tədbirlərinin tətbiq olunmasına səbəb olub. Bu da təbii ki, gündəlik həyata, məişətə və ən əsası iqtisadiyyata təsir edir. Başqa sözlə, indi koronavirus xəstəliyi dünyada insan sağlamlığı qədər iqtisadiyyatı da təhdid edir.

Artıq dünyanın bir çox şirkətləri istehsalı ya azaldıb, ya da ümumiyyətlə, dayandırıb. Eyni zamanda, karantin və təcrid rejimi, sərhədlərin bağlanması turizm və nəqliyyat sektorunu, həmçinin ictimai iaşə, ticarət kimi sahələri ciddi risk altında qoyub. Pandemiyanın təsiri ilə dünya bazarlarında neft kəskin şəkildə ucuzlaşıb, martın əvvəllərində Rusiya və Səudiyyə Ərəbistanı arasında anlaşılmazlıq səbəbindən “qara qızıl” son 5 ildə ən aşağı qiymətə satılmağa başlayıb.

Məlum olduğu kimi, Azərbaycan büdcəsi hələ də böyük ölçüdə neft gəlirlərindən asılıdır və ölkəmiz ciddi maliyyə itkiləri ilə üzləşib. 2020-ci ilin dövlət büdcəsi daxilolmalarının tərkibində neft gəlirləri 56 faiz və ya 13,5 milyard manat təşkil edir.

Bütün bunlar təbii ki, Azərbaycan üçün ciddi riskdir. Növbəti aylarda vəziyyət necə olacaq? İqtisadiyyat karantin rejiminə nə qədər tab gətirə biləcək?

Qeyd etmək lazımdır ki, dövlətlər artıq virusa qarşı tibbi və karantin tədbirlərinə daha çox diqqət ayırsa da, bir sıra ölkələr pandemiyanın milli iqtisadiyyatlara vuracağı zərəri yüngülləşdirmək üçün addımlar atır. Bəzi ölkələrdə pandemiyanın zərbələrini azaldacaq “xilas paketləri” hazırlanıb. Bu proses davam edir.

Azərbaycan hökuməti də artıq bir sıra addımlar atır. Bu addımlar davam etdiriləcək. Ölkə başçısının sərəncamı ilə pandemiyanın zərərlərini azaltmaq üçün 1 milyard manat vəsait ayrılıb. Eyni zamanda, İqtisadiyyat naziri ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət - təxminən 12 fəaliyyət sahəsinin müəyyən olunduğunu elan edib. Bu da o deməkdir ki, hökumət bu sahələrə müəyyən güzəşt və dəstək verəcək. İndi qalır həmin vəsaitlərin səmərəli və şəffaf şəkildə xərclənməsi, real sahələrə yönəldilməsi.

Hazırda sahibkarların əsas gözləntisi bundan ibarətdir. Yeni hökumət komandası bu vəziyyətin öhdəsindən necə gələcək?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, hökumətin son illərdə sürətlə yenilənməsi, həmçinin koronavirusla bağlı aktiv və şəffaf fəaliyyəti bu sahədə ümidlər verir. Çünki son bir ildə baş verən müsbət dəyişikliklər və bunun əməldə inikası artıq açıq şəkildə müşahidə olunur. Komanda yenilənir. Yeni komanda daha şəffaf və dinamikdir, baş verənlərə adekvat reaksiya verə bilir. Bütün qüsurları ilə birlikdə müsbət dəyişiklik hiss olunur. Hökumət komandasının koronavirus zamanı operativ çalışması, şəffaflıq, cəmiyyətin mütəmadi olaraq məlumatlandırılması, hesabatlılıq, ictimai rəydən gələn çağırışlara operativ reaksiyaların, açıqlamaların verilməsi yaxın tarixə qədər müşahidə olunmayan real dəyişikliklərdir. Qarşıdakı mərhələdə vəsaitlərin şəffaf və rasional xərclənməsi, sahibkarlara real güzəştlərin və dəstəyin təmin olunması, tenderlərin şəffaflığı bu prosesin məntiqi nəticəsi ola bilər, biznes sektorunda ümidləri artırar.

Əlbəttə ki, bu məsələdə yalnız hökuməti məsuliyyət yükünün altında qoymaq doğru deyil. Cəmiyyətdə sosial məsuliyyətin artması, yeni məşğulluq formalarının tapılması və istifadə olunması lazımdır. Həmçinin, vergidən yayınmanın azalması, iş adamlarının öz fəaliyyətində şəffaflığı təmin etməsi, ixtisarlara yol verməməsi gərəkdir. Çünki sahibkarların vəziyyəti bəhanə edərək işçiləri ixtisara salması cəmiyyətdə haqlı narazılığa və ümidsizliyə səbəb olur. Bu cür iş adamlarının dövlətdən dəstək gözləməsi özü məntiqsizdir. Əksinə, indiki vəziyyətdə daha çox həmrəylik, xalq olaraq çətinliyi bir ümumi bəla kimi qəbul edib, insanların vəziyyətini asanlaşdırmağa çalışmaq lazımdır. Bu mənada indi dövlət və sahibkarın bir-birini qarşılıqlı olaraq imtahan etdiyi mərhələ olacaq. Sahibkar dövlətdən gözlədiyi şəffaflığı özü ilk növbədə təmin etməlidir, əks təqdirdə, qarşı tərəfdən dəstək almaya bilər.

Bütün bunlardan sonra bir neçə ümidverici məqamı da qeyd etmək lazımdır. İlk növbədə, xəstəliyin müddəti barədə. Əksər mütəxəssislərə görə, havaların isinməsi ilə iyunun əvvəllərində virusun yayılması əhəmiyyətli dərəcədə zəifləyəcək. Bu isə o deməkdir ki, ən çətin dövr qarşıdakı iki aydır. Aktiv turizm dövrü başlayanda artıq virus təhlükəsi azalacaq.

İkinci mühüm məqam neft qiymətləri və onun yaradacağı risklərlə bağlıdır. Hazırda neftin qiymətinin 25 dollar civarında dəyişməsi süni yaranmış vəziyyətdir. Bu prosesin uzun müddət davam etməsi mümkün deyil. Çünki bu qədər ucuzlaşma digər ölkələrlə bilrikdə Səudiyyə Ərəbistanını və ümumilikdə, Fars körfəzinin neft şeyxlərini zərbə altında qoyur. “Bloomberg” agentliyi yaxın dövrdə körfəz ölkələrinin ağır böhran yaşayacağını proqnozlaşdırır. Bu mənada böyük ehtimalla apreldə Rusiya və Səudiyyə Ərəbistanının hansısa formada anlaşıb neft qiymətlərini yüksəltməsi gözlənilir.

Yəni, vəziyyət o qədər də ümidsiz deyil. Risklər və təhlükə olsa da, çıxış yolları da var. Cəmiyyətin daha anlayışlı, məsuliyyətli və şəffaf davranışı bu çətin mərhələni keçmək üçün vacib şərtlərdən biridir.

Mənbə: www.oxu.az