İranda yanacaq doldurma məntəqələrinin 70%-i bağlana bilər

İranda yanacaq doldurma məntəqələrinin 70%-i bağlana bilər

GünAz TV: İranın Neft Məhsulları Satıcılarının Həmkarlar İttifaqı Assosiasiyasının idarə heyətinin sədri Əsədullah Quluzadə bildirib ki, dövlətlə aparılan müzakirələr nəticə verməsə, yanacaq doldurma məntəqələrinin 70%-i müvəqqəti bağlana bilər.

O bildirib ki, 2019-cu ilin noyabr ayından yanacağın qiymətinin artırılması, hazırda isə koronavirus pandemiyası səbəbindən bütün yanacaq növlərinin satışı xeyli aşağı düşüb. Əlavə olaraq, virusla bağlı sanitariya qaydalarına riayət etmək sahibkarların xərclərini 30% artırıb.

Əsədullah Quluzadə qeyd edib ki, super markalı benzinin satışının sıfıra enməsi ilə yanaşı, dizel yanacağının satışında 70% azalma yaşanır.

"Benzinin qiymətinin bahalaşmasından sonra onsuzda yanacaq satışında 40%-ə qədər azalma yaşanırdı. Hazırda isə koronavirusun yayılması səbəbindən vəziyyət daha da pisləşib və bu rəqəm 70%-ə çatıb", - deyə Əsədullah Quluzadə əlavə edib.

Rəsmi yanacaq doldurma məntəqələrinin nə vaxt müvəqqəti bağlanacağı tarixini açıqlamasa da, bildirib ki, bu hal baş verərsə, məntəqələr mayın 4-nə qədər bağlı qalacaq.

Qeyd etmək lazımdır ki, dünən İranın Milli Neft Məhsullarının Paylanması Şirkəti yanacaq doldurma məntəqələrinin müvəqqəti olaraq bağlanması istiqamətində heç bir planın olmadığını bəyan etmişdi. Şirkət hazırda adi qaydada, 24 saatlıq rejim çərçivəsində bütün yanacaq doldurma məntəqələrini yanacaqla təmin etdiyini bildirmişdi.

Mənbə: www.gunaz.tv