“Azəriqaz” az işçi ilə çox iş görəcək

Azərbaycan hökuməti koronavirus (COVİD - 19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirləri davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, xəstəlikdən vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-na qədər əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilir. “Azəriqaz” da hökumətin tələb və tövsiyələrini nəzərə alaraq bir qrup işçi üçün növbədənkənar məzuniyyət qrafiki tərtib edib.

İstehsalat Birliyinin strukturuna daxil olan bütün təşkilatların rəhbərləri və onların müavinləri, növbəli iş rejimi və ya iş qrafiki ilə işləyən işçilər növbədənkənar məzuniyyətə göndərilməyəcək. Lakin yaşı 60 yaşdan yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan şəxslər, özünün və ya ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olanlar, xroniki xəstəliyi olanlar növbədənkənar məzuniyyətə göndəriləcək.

Bundan başqa, məzuniyyət siyahısı tərtib edilərkən işə çıxarılması zəruri hesab edilməyən digər şəxslər, yəni evdən çalışması mümkün olan və ofisə gəlmədən də evdən işləyə bilən işçilərə üstünlük verilib. Yəni İstahsalat Birliyi sabahdan etibarən daha az işçi qüvvəsi ilə maksimum işləmək imkanlarını səfərbər edir.

Qeyd edək ki, bu qərar təkcə ştat cədvəli ilə çalışanlar deyil, xidməti müqavilə ilə işə cəlb olunanlara da (başqa sözlə, sosial yardım alan fərdi sahibkarlar) şamil olunur.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda boks yığmasının üzvü və nazirlik əməkdaşı koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

Millimizin sabiq futbolçusu Moldova klubunda - RƏSMİ