Qazaxıstanda “Chevrolet” markalı avtomobillərin istehsalına başlanıb

Qazaxıstanda “Chevrolet” markalı avtomobillərin istehsalına başlanıb

Nur-Sultan, 28 mart, AZƏRTAC

Qazaxıstanın və Özbəkistanın Baş nazirləri Kostanay şəhərində “Chevrolet” markalı avtomobillərin birgə istehsalına telekörpü vasitəsilə start veriblər.

AZƏRTAC xəbər verir ki, bununla da “SaryarkaAvtoProm” və “UzAuto Motors” zavodlarında “Chevrolet” markalı avtomobillərin istehsalına başlanıb. Yeni istehsal xəttində “Chevrolet”in bir neçə modeli üzrə avtomobillər yığılacaq.

Qazaxıstan ilə Özbəkistan arasında bu ilin fevralında imzalanmış müqavilə çərçivəsində həyata keçirilən birgə layihəyə əsasən birinci mərhələdə ildə 26 min nəqliyyat vasitəsi buraxılacaq. İstehsalın ildə 100 min avtomobilə çatdırılması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, layihə ixrac yönümlüdür. Layihənin birinci ilində qonşu ölkələrə 13 min avtomobilin ixracı planlaşdırılır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Mənbə: azertag.az