Ağciyər xəstəliklərinin təbii müalicə məkanı olan Duzdağdan FOTOREPORTAJ

Ağciyər xəstəliklərinin təbii müalicə məkanı olan Duzdağdan  FOTOREPORTAJ

Naxçıvan, 28 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasına səfər edən hər kəsin görmək istədiyi yerlərdən biri də Duzdağ Fizioterapiya Mərkəzidir. Bu möcüzəvi məkanda duz qatının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir.

Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır.

Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Duzdağda temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur.

Ağciyər xəstəliklərinin təbii müalicə məkanı olan mərkəzə girər-girməz duzun spesifik qoxusunu hiss edirsən. Sanki birdən-birə nəfəsalma asanlaşır. Bunun nəticəsində insan özünü daha gümrah hiss edir.

AZƏRTAC-ın Naxçıvan bürosu bu sirli məkandan çəkilmiş fotoşəkilləri təqdim edir.

Mənbə: azertag.az