Hansı güzəştlər olmalıdır və olmalı deyil? - STATUS

Hansı güzəştlər olmalıdır və olmalı deyil? - STATUS

Azərbaycanda anti-böhran tədbirləri müzakirə edildikcə müxtəlif sahələrə güzəştlərin verilməsi təklif olunur.

FED.az xəbər verir ki, bu təkliflər arasında bank kreditləri, yanacaq qiymətləri eləcə də kommunal xidmətlərlə bağlı güzəştlərin olması səslənir. İqtisadçı ekspert Elçin Rəşid bəzi sahədə güzəştləri məqsədəuyğun saymır. İqtisadçı yazır.

Antiböhran tədbirlərinin nələrdən olması barədə qarışıqlıq var. "Evdəqal" kampaniyasının yaratdığı fürsətdən yararlanaraq fikirlərimi yazım. Hesab edirəm, iqtisadi tədbirlərə tez başlamaq lazımdır və bəzi prinsiplər gözlənilməlidir. Yadıma düşən fraqmentlər:

1. Bank kreditləri. Burada güzəşt istəyən və beynəlxalq təcrübə göstərən çoxdur.

Kəskin inflyasiya bank kreditlərində ən böyük güzəşt olacaq. Bundan artığını istəmək, ədalətsiz və səmərəsizdir.

Özəl banklar könüllü güzəşt tətbiq edə bilərlər. Bunu MB-dən və hökumətdən tələb etməyin. Onlarln idarə etdikləri resursi ictimaidir, yəni içində bank krediti olmayanların da payı var. Bank krediti olmayanlar bank krediti olanların borcunu verməli deyil. Bu, subsidiya olduğundan, iqtisadi ədəbiyyatlarda yazıldığı kimi, səmərəli də deyil.

MB-nin banklara ucuz kreditlər vasitəsi ilə kredit restrukturizasiyası da əslində subsidiyanın dolayı yoludur və yuxarıdakı səbəbdən ədalətli və səmərəli deyil. Dövlət verəcəksə, borcu olana və olmayana eyni qədər dəstək verməlidir. Ümumi əhaliyə sosial dəstəyin prinsipləri və kəskin inflyasiya barədə fikirlərimi sabah ayrıca qeyd etməyə çalışacam.

2. İpoteka alanlara da əlavə güzəşt verilməsini təklif edən çoxdur.

İpoteka da kreditin bir növüdür və bank kreditlərinə tətbiq etdiyimiz prinsipləri hesab edirəm bura da tətbiq edə bilərik. İpoteka alan uzunmüddətli subsidiya əldə edib. Əlavə güzəşt ədalətsiz və səmərəsizdir. İnflyasiya isə onlara verilən ən böyük güzəştdir.

Uzunmüddətli perspektivdə isə, kredit bazarında əvvəllər də tətbiq olunmuş bu cür güzəştlər insanlarda borcu nə yolla olursa olsun qaytarmamaq vəya uzatmaq ənənəsi formalaşdırır və kredit sektorunun inkişafı üçün yararsız mühit yaradır. Əvəzində borc alıb qaytarmağı uzatmağa çalışmaq ayrıca sektora çevrilib, bəzi insanlar bu yolla gəlir əldə edirlər, iqtisadi sektordur yəni.

3. Yanacağın qiymətində isə böhran zamanı düşüş olmalıdır. Yerli istehsal olunan benzinin və dizelin qiyməti maksimal olaraq neftin barrelinin 30 dollar qiymətindən hesablanmaqla maliyyə maya dəyəri götürülə bilər. Yanacağın qiymətinin üzərinə qoyulan marja süni qiymət artımı olmaqla iqtisadi baxımdan səmərəli deyil, yalnız lüks sektorda proqressiv qiymət aləti kimi istifadə oluna bilər.

Digər tərəfdən, daşımaların maya dəyərini salmaq üçün daşımalarda istifadə olunan yerli yanacağın qiyməti düşməlidir. Bunun bir tərəfdən qiymətləri salmaqla sosial təsiri var, digər tərəfdən iqtisadi aktivliyi artırmaq təsiri var.

Lüks avtomobillərin istifadə etdiyi idxal benzinin qiymətinin salınması isə anti-böhran tədbiri deyil.

4. Kommunal xidmətlərin ucuzlaşdırılması vəya havayı olması sosial addım kimi çox təklif edilir. Bəs hansı güzəştlər olmalıdır?

Heç bir. Onsuz da inflyasiya hesabına real qiymətlərdə düşüş olacaq. Kommunal xərcləri çox ucuz etmək olmaz. Bir tərəfdən bu, israfın təşviqi deməkdir. İsraf itkidir, iqtisadiyyatı kiçildir. İsraf həm də sistemi yükləyir: xətlər çatdırmır, transformatorlar yanır, kanalizasiyalar daşır... Nəticədə xərclər artır, xidmətin keyfiyyəti isə düşür.

Digər tərəfdən bu, məsuliyyətlinin məsuliyyətsizi, qənatcilin israfcılı və kiçik ev sahiblərinin böyük ev sahiblərini subsidiyalaşdırması deməkdir. Yəni reqressiv tarifdir.

Odur ki, əksinə, proqressiv diferensial tarif tətbiq edilməlidir, elektrikdə isə differensial tarifin 3-cü dərəcəsi tətbiq edilməlidir. Həddən çox istifadə edənlər kommunal sistemin maliyyələşməsində daha çox iştirak etsinlər.

Kommunal xidmətlər düşməyəcəksə əhaliyə sosial dəstək kimə nə qədər hansı formada verilməlidir? Bu barədə, bizneslərə dəstək və devalvasiya barədə fikirlərimi çalışıb sabah bölüşərəm.

Mənbə: fed.az