Nağd alış-verişdən qaçın - EKSPERT

Nağd alış-verişdən qaçın - EKSPERT

Karantin dövründə zəruri alış-veriş tələbləri insanları evdən çıxmağa vadar edir. Bu, anlaşılan olsa da, bir neçə səbəbdən risklidir. Ən əsas səbəblərdən biri nağd alış-veriş zamanı əskinasların əldən-ələ gəzməsidir. Virusun əşyalar üzərində bir müddət qala bildiyini nəzərə alsaq, risk amilini anlamış olarıq.

Bu baxımdan, sual yaranır: Təcrid müddətindən nağd və nağdsız alış-verişlərin səviyyəsində fərq yarana bilərmi? Yaxud, onlayn alış-verişi lazımi səviyyədə təşkil edə bilmişikmi?

Mövzunu AYNA-ya şərh edən bank-maliyyə eksperti Əkrəm Həsənov bir neçə məqama diqqət çəkib: “Ən əvvəl karantin vəziyyətində olan bir ölkə kimi yaxşı olardı ki, nağdsız ödənişlərə üstünlük verilsin. Çünki bu, həm insanların çölə çıxmadan edə biləcəyi ödənişlər üçün uyğundur, həm də karantin rejimi üçün əsas göstərişdir. Nağd ödənişlər virusun yayılmasına imkan verir. Çünki insanlar alış-veriş edərkən əskinaslar, elə qəpik pullar vasitəsilə də yoluxma riskini daşıyırlar”.

“Bəs, insanlar niyə kart vasitəsilə ödəniş etmirlər? Əvvəla ona görə ki, çoxunun ödəniş üçün kartı yoxdur. Zərurət olanda özüm də çölə gedirəm, şahidi oluram. Yaxud ola bilsin ki, kart var, amma kart boşdur, çünki bir qrup insan pulu karta köçürülən kimi onu nağd pula çevirməyə öyrəşib. Bəzən də kartı olduğu təqdirdə, insanlar onlayn ödəmələrdən istfadə etmirlər. Banka, ödəmə məntəqələrinə gedirlər. Zamanında bunun məlumatlandırılması aparılmadı, heç olmazsa, indi evdən çölə bu səbəbdən çıxan insanları media, telekanallar vasitəsilə maarifləndirmək olar. Bu da karantin qaydalarına əməl etməyi asanlaşdırar”, - həmsöhbətimiz deyib.

Onun sözlərinə görə, hazırdainsanların alış- veriş səviyyəsi aşağı düşüb, çünki karantin vəziyyətində ancaq qida məhsulları alan, marketə gedənlər olur: “Yaxud hansısa ödənişlər - bank krediti, kommunal xidmət pullarını ödəmək üçün evdən çıxırlar. Bundan başqa, müşahidələrimə nəzərən deyə bilərəm ki, alış-veriş üçün çıxınlar da, yenə nağd puldan istifadə edirlər. Bu mənada nağdsız ödənişlərin cüzi artdığını təxmin etmək olar, yenə də rəsmi rəqəmlər daha realını göstərər”.

Bəs karantin dövründə alış-veriş üçün pula ehtiyacı olan insanların vəziyyətini necə tənzimləmək olar? Axı, ölkədə qeyri-formal əmək bazarı, özəl xidmətlər, muzdlu çalışanlar çoxluq təşkil edir. Bu səbəbdən xərcləməyə pul olsun deyə, insanlar evdən çıxıb işə getməli olurlar.

Ə.Həsənov hesab edir ki, karantində insanları evdə tutmaq üçün formal işi olmayan bir qrupun vəziyyəti mütləq nəzərə alınmalıdır: “Azərbaycan iqtisadiyyatı qeyri-şəffafdır. Elə məlum indiki vəziyyətdə iş yerləri, rəsmi və qeyri-rəsmi işlə bağlı probemlər də bu səbəbdən ortaya çıxır. Məsələ ondadır ki, kimin daimi işi varsa, o, evdə qala-qala da pulunu, maaşını alacaq. Amma muzdlu, rəsmi işi olmayan insanların bu mənada çıxış yolları hələlik yoxdur. Onlar necə deyə bilərlər ki, “biz qeyri-formal işləyrik, pulumuzu verin”? Yaxud çoxlu sayda kirayədə qalan insan var ki, onlar da bölgələrdən gəlib burada günəmuzd işləyirlər. Onlar da kirayə haqqını dövlətdən tələb edə bilməzlər, çünki çox kirayə haqları da gizlədilir”.

“Başqa bir vacib məqam da var. Dövlət karantin vəziyyətində sahibkarlara tapşırıb ki, iş yerlərində ixtisar olmasın, işçilər işə cıxmasa da, pulu kəsilməsin. Bu, əslində sahibkarlara qarşı doğru addım deyil. Çünki sahibkar işi getmədiyi halda pulu işçiyə necə, hansı maliyyə hesabına verməlidir? Fikrimcə, bu məqamda, gəlirsiz qalan və ya az gəliri olan insanlar üçün dəstək paketləri nəzərdə tutula bilər ki, dövlət bu yolla həmin insanların ehtiyaclarını müvəqqəti qarşılasın. Onda da bu qrupdan olmayan, lakin imkansız digər insanların məsələsi ortaya çıxacaq. Bu da başqa vəziyyət yaradacaq. Belə insanlar da ayrıca hesaba alınmaldıdır”, - ekspert bildirib.

Həsənovun sözlərinə görə, belə halda hökumət qaydaya uyğun şəkildə hər kəsə dəstək veməlidir: “Ya da sahibkarlara dəstək, kredit borclarına, vergi öhdəliklərinə güzəştlər mütləqdir. Çünki hökumət bu kateqoriyanın, ən azı, gəlirlərini, vergilərini bilir. Əgər hökumət insanların evdə oturmasını istəyirsə, karantin rejimini uğurlu etmək istəyirsə, bunları da nəzərə almalıdır. Əlbəttə ki, əhalinin vəziyyətinin müəyyənləşməsi, sosial siyasətin doğru aparılması ciddi addımların atılmasına imkan verəcək”.

Mənbə: index.az