Fermerlərin 5%-nin bəyanlarında problemlər çıxıb, subsidiya almaları gecikir

Fermerlərin 5%-nin bəyanlarında problemlər çıxıb, subsidiya almaları gecikir

Bu günədək 232161 fermerə 122.7 milyon manat subsidiya ödənilib.

Aqrar Kredit və İnkişaf Agentliyinin yaydığı məlumata görə, bu həftənin sonunadək payızlıq əkinlərinə görə verilən subsidiyaların 95%-i ödənilib başa çatacaq. Qalan 5% bəyanlarında problemlər olması səbəbindən yoxlamaları gec başa çatmış fermerlərdir.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş 481807 fermerdən 357570 nəfəri payızlıq əkinləri barədə bəyan edib. 313053 fermerin kartı hazırdır.

EKTİS-ə əkin və heyvandarlıq subsidiyasından əlavə, yaxın vaxtlarda arıçılıq və baramaçılıq modulları əlavə ediləcək.

Subsidiya qaydalarına görə, fermerlər onların “Fermer Kartı”na köçürülmüş subsidiyanın yalnız 25%-ni nağdlaşdıra bilirlər. Vəsaitin kartda qalan 75%-nə isə gübrə, toxum və pestisid təchizatçılarından pos-terminal vasitəsilə ödəməklə bu məhsulları ala bilərlər.

Təchizatçılar barədə məlumat, onların rayonlar üzrə dislokasiyası və əlaqə telefonları AKİA saytında (http://akia.gov.az/az/subsidiya) yerləşdirilib.

Mənbə: marja.az