Mikayıl Cabbarov: İqtisadi fəaliyyətə tətbiq olunan məhdudiyyətlər ilk növbədə mikrosahibkarlara təsir göstərir

Mikayıl Cabbarov: İqtisadi fəaliyyətə tətbiq olunan məhdudiyyətlər ilk növbədə mikrosahibkarlara təsir göstərir

Bakı. Orxan Cuvarlı – Trend:

Dövlət tərəfindən iqtisadi fəaliyyətə tətbiq olunan məhdudiyyətlər ilk növbədə mikrosahibkarlara təsir göstərir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Televiziyasında (AzTV) “Hədəf” verilişinin qonağı olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, toplam məbləğə baxsaq, 1 milyard manat dəstək proqramı deyil, 2,5 milyard manatlıq dəstək proqramından danışırıq. Bu, Azərbaycanın ümumi daxili məhsulunun 3 faizini təşkil edir:

“Bu mesajı bizim sahibkarlara, bank sektoruna, vətəndaşlarımıza çatdırmağımızın əsas hədəfi Azərbaycan iqtisadiyyatında son illər ərzində baş verən dirçəliş və inkişaf prosesinin bizim prioretitimiz olaraq qaldığını göstərməkdən ibarətdir”.

Nazir qeyd edib ki, mikrosahibkarlar üçün də dəstək proqramı hazırlanıb:

“Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı daha dardır. Dövlət tərəfindən iqtisadi fəaliyyətə tətbiq olunan məhdudiyyətlər ilk növbədə bu sahibkarlara təsir göstərir. Həmin sahibkarların 2019-cu il ərzində həyata keçirdikləri vergi ödənişlərini bir baza kimi istifadə edirik. Ödənişlərin edilməsində biz bu bazadakı rəqəmləri əsas götürürük. Bu proqram biznesin dəstəyinə yönəlmiş proqramdır. Hər bir sahibkar üçün əmək haqqı fondu ən böyük xərc istiqamətidir. Ona görə də dövlət bu istiqamətdə birbaşa maliyyə dəstəyi göstərir və yardım edir. Burada 600 minə yaxın vətəndaşımız əhatə olunub”.

Mənbə: az.trend.az