“İHS Markit”: İkinci rübdə neft hasilatı azala bilər

“İHS Markit”: İkinci rübdə neft hasilatı azala bilər

Yeni koronavirusun yayılması ilə bağlı neftə tələbatın azalması nəticəsində cari ilin ikinci rübündə dünyada gündəlik neft hasilatı 10 milyon barel azala bilər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə “İHS Markit” konsaltinq şirkətinin proqnozunda bildirilir.

Belə ki, OPEC ölkələri də daxil olmaqla bütün regionlarda, daha çox da ABŞ və Rusiyada hasilatın azalacağı gözlənilir. Beynəlxalq Enerji Agentliyinin (İEA) məlumatına görə hazırda dünya boyu neft hasilatı 100 milyon barelə yaxındır.

Proqnoza görə, 2020-ci ilin ikinci rübündə neft hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 16,4 milyon barel azalacaq. Həmçinin “Brent” markalı neftin qiyməti aprel ayında 10 ABŞ dollarınadək azala, bəzi istehsalçılar isə hətta mənfi qiymətlərlə üzləşə, yəni zərərlə işləyə bilər.

Xatırladaq ki, fevral ayında OPEC+ formatının iştirakçıları arasında hasilatı daha da azaltmaq barədə razılaşma baş tutmadıqdan sonra, habelə koronavirus pandemiyasının da təsirilə mart ayında dünya birjalarında neft kəskin ucuzlaşdı. İEA rəhbəri Fatih Birol koronavirus nəticəsində neftə gündəlik tələbatın 20 milyon barelədək azala biləcəyi qənaətindədir.

Mənbə: report.az