Azərbaycan höküməti post-pandemiya dövründə çevik siyasət yeridir

Azərbaycan höküməti post-pandemiya dövründə çevik siyasət yeridir

Tanınmış alimlər, mütəxəssislər və yerli idarəetmə rəhbərləri də gələcək sosial-iqtisadi inkişafla bağlı təkliflər və təşəbbüslərlə çıxış etməlidirlər

Virusun dünyada və ölkəmizdə yayılması vətəndaşların sağlamlığının qorunması üçün dövlət tərəfindən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərin görülməsinə səbəb olmuşdur. Ölkə daxilində karantin rejiminin tətbiq və sonradan gücləndirilməsinin səmərəliyi, təbii ki, görülən işlərlə yanaşı əhalinin qoyulan tələblərə riayət elinməsi ilə birbaşa bağlıdır. Məhz bu halda virusun yayılmasının qarşısını daha qısa müddət ərzində almaq mümkündür.

Əhalinin çox hissəsinin evlərdə qalması, dövlət tərəfindən xüsusi fondun yaradılması və öndə ölkə rəhbərliyi olmaqla ayrı-ayri insanlar və təşkilatlar tərəfindən ayrılan maddi ianələr, əlbəttə ki, ölkənin sosial-iqtisadi durumuna da öz təsirini göstərir. Yoluxucu infeksiyanın yayılması müddətinin hələ ki, tam müəyyən olunmamasına baxmıyaraq, yaranan vəziyyətdən çıxmaq yolları haqqında düşünülməsi vacib əhəmiyyət kəsb edir.

Belə vəziyyətdə ölkəmizdə tanınmış alimlər (akademiklər, professorlar, elmlər doktorları və s.), mütəxəssislər və yerli idarəetmə rəhbərləri bölgələr və sahələr üzrə vətənimizin gələcək sosial-iqtisadi inkişafı ilə bağlı faydalı təkliflər və təşəbbüslərlə çıxış etməlidirlər. Bu baxımdan, ölkəmizin gələcək inkişafı ilə bağlı realizə edilən strateji yol xəritələri üzrə müvafiq korreksiyalar edilmiş proqramlar hazırlanmalıdır. Bu ilk öncə səhiyyə, təhsil və iqtisadiyyat sahələrini əhatə etməlidir.

Məlum olduğu kimi, mərkəzi hökümət orqanları bu istiqamətdə, dəyişən vəziyyətə uyğun olaraq, olduqca cevik və müvafiq siyasət yeridir. Daha konkret olaraq, sosial-iqtisadi məsələlərin həlli üçün dövlət tərəfindən dörd işçi qrupu yaradılmış, doqquz iqtisadi proqram və iyirmi istiqamət müəyyən edilmişdir. Lakin bununla yanaşı, bölgələrdə və yerlərdə sosial-iqtisadi vəziyyətin fərqli xüsusiyyətlərindən irəli gələrək, yerli idarəetmə nümayəndələri tərəfindən əlavə tədbirlər planlarının hazırlanması məqsədəuyğun olardı.

Təbii ki, bu məsələlərin mütəxəssislər tərəfindən müzakirə edilməsi yaranmış zərurətdən irəli gəlir. Bununla əlaqədar, müvafiq sahələr üzrə mütəxəssislərin fikirlərinin açıqlanması maraqlı olardı.

Çingiz İsamyılov,

Bakı Dövlət Universitetinin professoru

Mənbə: xalqqazeti.com