“Büdcə investisiyaları idxalı əvəzləyən yerli istehsalın dəstəklənməsinə yönəldilsə...” – Rövşən Ağayev

“Büdcə investisiyaları idxalı əvəzləyən yerli istehsalın dəstəklənməsinə yönəldilsə...” – Rövşən Ağayev

“Belə bir şəraitdə yeni kreditlərin stimullaşdırılmasının iqtisadiyyata böhran təsirlərinin neytrallaşdırılmasında nə dərəcədə təsirli olacağını zaman göstərəcək”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə təklif olunan böhran zərfinin mövcud şəraitə adekvat təsirlərini şərh edən iqtisadçı Rövşən Ağayev bildirib.

O, indiki şəraitdə böhrandan ən çox xidmət sektorunun, xüsusilə də, turizm, ictimai iaşə və nəqliyyat sahələrinin zərər çəkdiyini vurğulayıb:

“Bu sektorlar yüz faizlik risk qrupuna daxildir, çünki fəaliyyətsiz qaldıqları üçün gəlirlərdən tamamilə məhrum olublar. Bu baxımdan, onlar üçün gəlirdən asılı olmayaraq, xərc yaradan vergilərdən (əmlak və torpaq) tam azad edilmə, mənfəət və sadələşdirilmiş vergidən güzəştlər, vergi tətilləri doğru yanaşmadır.

Eyni yanaşmanın fəaliyyəti iflic olan az sayda geyim və toxuculuq, içki sənayesi kimi sahələrə də aid edilməsi zərurətdir. Amma burada çox önəmli məsələ dəstəyin formalarının doğru seçilməsilə yanaşı, dəstəyin miqyasının qeyd olunan sahələrdə iqtisadi tsikli nə dərəcədə qoruya biləcəyidir”.

Rövşən Ağayev qeyd edib ki, büdcə investisiyaları ağırlıqlı olaraq, idxalı əvəzləyən yerli istehsalın dəstəklənməsinə yönəldilsə, daha məqsədəuyğun olar:

“Məsələn, büdcə dəstəyilə tikilən evlərdə istifadə olunan bütün mal-materialların dəyərinin yarıdan çoxu yerli məhsullardırsa, bu, çox böyük uduşdur. Əksinə, daxili istehsal üçün komponent və xammalı da nəzərə alaraq, onların yarıdan çoxu idxal edilirsə, biz əcnəbi sahibkarı maliyyələşdirməklə, məzənnə üçün əlavə təzyiq kanalı açırıq.

Bəxtimiz onda gətirib ki, bizim iqtisadiyyat yüksək səviyyədə kredit yükü olan iqtisadiyat deyil. Məsələn, dünya üzrə ev təsərrüfatlarının borcunun Ümumi Daxili Məhsula nisbətinin median göstəricisi 15 faiz, inkişaf etmiş ölkələrdə 40-50 faiz, bəzən daha yüksəkdir. Azərbaycanda isə cəmi 9 faizdir.

Eyni qaydada, biznes kreditlərinin ÜDM-də payı 100 faizdən çox olan ölkələr var, bizdə isə 9 faiz ətrafındadır. Bizdə az qala, ev təsərrüfatları biznesdən daha çox borclanır. Bu, təkcə riskdən qaçmaq məsələsi deyi, maliyyə sisteminin potensialını, biznesin və ev təsərrüfatların durumunu göstərir. Əslində, inkişafsızlığı xarakterizə edən bu vəziyyət böhran dövründə hökumətin köməyinə çatır”.

İqtisadçı bildirib ki, problem kreditlərin iqtisadiyyatda məhdud istifadəsi ilə bağlı deyil, kredit emissiyasının gücünü və effektini xarakterizə edən pul multiplikatoru göstəricisinin həddən artıq aşağı olmasıdır:

“Aydındır ki, kredit dəstəyi həm də yenicə özünə gəlmiş bankları qorumaq üçündür. Çünki kreditlər ödənməsə, bankların aktivlərinin keyfiyyəti və kövrək maliyyə durumu yenidən pisləşəcək. Vəsaitlərin səmərəli və şəffaf xərclənməsi, xüsusilə də paket çərçivəsində birbaşa yardımlardan savayı satınalma mexanizmi tələb edən xərcləmələrin mümükün qədər bütün biznesin əlinin çata biləcəyi ortamda istifadəsi şərtdir.

Dəstək paketinin yönəldyi xidmət sahələri milli gəlirin təxminən 5-6 faizini, ümumi məşğulluğun isə 10-12 faizini təşkil edir. Bu baxımdan, biznesin və təklifin dəstəklənməsi vasitəsilə böhrana təsirdən daha çox istehlakın genişləndirilməsi (ən azından sabit saxlanması) sayəsində tələbin stimullaşdırılması önəmli olacaq”.

Mənbə: yenicag.az