Rusiya nefti 13 dollara düşdü, ölkə anbarlarında boş yer qalmadı

Rusiya nefti 13 dollara düşdü, ölkə anbarlarında boş yer qalmadı

Dünya bazarında Rusiyanın istehsal etdiyi Urals markalı neft kəskin şəkildə dəyər itirib.

Belə ki, Şimal-qərbi Avropada 1999-cu ilin martından bəri ilk dəfə olaraq bu marka neft 13 dollara satılıb.

KONKRET.az Argus Media agentliyinə istinadən xəbər verir ki, bu zaman qiymət endirimi 4,75 dollar təşkil edib: “Bazar iştirakçıları emal sənayesindəki durğunluq səbəbilə xam neftin kəskin aşağı qiymətinin hələ uzun müddət davam edəcəyini gözləyirlər. Dünyada koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər üzündən neft məhsullarının əksəriyyətinə olan tələbat kəskin şəkildə azalıb. Hasilatın azaldılmasına dair OPEK+ formatının dağılması vəziyyəti daha da ağırlaşıdırdı və dünya bazarında xammal təklifinin tələbi üstələməsinə səbəb oldu”.

Rusiyanın hazırda üzləşdiyi daha bir problem satılmayan nefti saxlamaq üçün anbarların olmamasıdır. Bu şəraitdə satış bazarı tapılmadığına görə ölkədə sovet dövründən istismar olunan xeyli sayda yataqlarda hasilat tamamilə dayandırıla bilər. Goldman Sachs eksperti Cef Kerrinin Bloomberg-ə dediyinə görə, bu yataqlarda quyular dayandırılsa, onlarda hasilatı yenidən bərpa etmək mümkün olmayacaq: “Saxlama yerlərinin olmaması üzündən ən təhlükəli vəziyyət Rusiya, ABŞ, Kanada və Latın Amerikası ölkələri kimi dənizə birbaşa çıxışı olmayan yataqlarda yarana bilər. Dəniz sahilində yerləşən Səudiyyə Ərəbistanı, Qərbi Afrika və Şimal dənizində olan neft obyektlərini isə belə təhlükə gözləmir. Əgər Rusiya ərazisindəki köhnə Sovet yataqlarında hasilat dayansa, onu yenidən bərpa etmək mümkün olmayacaq”.

Ekspert onu da bildirib ki, hadisələrin bu cür gedişini durdurmaq üçün ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı hasilatı azaltmaq barədə birgə qərara gələ bilərlər. C.Kerrinin sözlərinə görə, bu, gündəlik hasilatın 10 milyon barel azaldılmasına gətirib çıxarar.

Mənbə: konkret.az