Yeni neft yatağı Azərbaycana nə verəcək?

Yeni neft yatağı Azərbaycana nə verəcək?

İlham Şaban: “Bu, ölkə iqtisadiyyatı üçün çox böyük bir töhfə olacaq”

Bir neçə gün əvvəl Azərbaycanda yeni neft yatağının aşkarlanmasına dair məlumat açıqlandı. Məlum oldu ki, SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər.

SOCAR-ın bu barədə yaydığı məlumata görə, "Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın CDC (Caspian Drilling Company) qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazıb. Yatağın məhsuldar layları 3,4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

Onu da qeyd edək ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib.

"Caspian International Petroleum Company" (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış “Qarabağ hasilatın pay bölgüsü sazişi”nə əsasən 3 kəşfiyyat quyusu qazıb. Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləyib, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar edib. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilib.

2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıb. Sazişə əsasən şirkətlər bərabər paya malikdir.



Yatağın aşkarlanmasını şərh edən enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, “Qarabağ” yatağının Azərbaycanın yataqlar balansına və işlənmə fonduna daxil edilməsi və illik 2,5 milyon ton neftin bazarımıza daxil olması yaxın illərdə Azərbaycanın neft hasilatı üçün ən böyük töhfədir: “2019-cu ilin dekabr ayında “Dədə Qorqud” qazma qurğusu vasitəsilə həmin yataqda qiymətləndirmə quyusu qazıldı. 1998-ci ildə iki il ərzində həmin yataqda qazılmış quyulardan alınan nəticəyə nisbətən daha yüksək nəticələr əldə edildi. Yəni o zaman 16 milyon ton neft tapılmasına dair məlumat verilmişdi. İndi isə bu qazma nəticəsində yatağın daha məhsuldar layları aşkar edilib və məhsuldarlıq 60 milyon tona qədər artıb. 60 milyon ton isə 440 milyon barel neft deməkdir”.

Ekspert deyir ki, indiki şəraitdə, yəni 20 ildən artıq bir müddətdə əldə olunan texnologiya və daha səmərəli qazma, işlənmə üsulları nəzərə alınıb: “Baxmayaraq ki, hazırda neftin qiyməti əvvəlki dövrlərlə müqayisədə kifayət qədər aşağıdır. İmzalanan müqavilənin şərtlərinə uyğun olaraq, SOCAR-ın tərəfdaşı “Equinor” şirkəti Azərbaycanın “Qarabağ” yatağında fəaliyyətini davam etdirmək niyyətini rəsmən bildirib.

Görünən budur ki, “Equinor” şirkəti bu yataqda işləmək arzusundadır. 2015-ci ildə “Equinor” Xəzər regionunda “Şahdəniz” kimi yataqdan çıxıb, başqa yataqlara investisiya yatırmaq qərarına gəlmişdi. O zaman neftin bir barelinin qiyməti 50 dollara düşmüşdü. “Equinor” indiki qərarını neftin bir barelinin 20 dollara yaxınlaşdığı zamanda verib. Bu, onu göstərir ki, Xəzərin Azərbaycan hissəsi onun açdığı yataqla bitmir. Orada “Əşrəfi-Dan Ulduzu” və “Aypara” kimi strukturlar da var. “Equinor” Xəzər dənizinin potensialına inanır”.

Onun sözlərinə görə, bu addım neftin daxili bazara yönəldilməsi və neft bazarının stabilləşdirilməsi ilə bağlı olduqca mühümdür: “Əgər başqa layihələrə baxsaq, görəcəyik ki, orada daxili bazar kondensatın göndərilməsi mövcuddur. “Qarabağ” yatağında isə sırf neft layı açılıb və bu yataqda neft ehtiyatları kifayət qədər yüksəkdir”.

İ. Şaban bildirib ki, əgər “Abşeron” yatağından bir ildə 700 min tona yaxın kondensat hasil etmək mümkün olacaqsa, “Qarabağ” yatağının ehtiyatları 60 milyon ton neftdir: “Bu yataqda quraşdırılan platforma ən azı 20 il işlədikdə ildə 3 milyon tondan artıq neft hasilatı həyata keçirilə bilər. Bu da ölkə iqtisadiyyatı üçün çox böyük bir töhfə olacaq, çünki 2,5-3 milyon ton, hətta 2 milyon ton civarında neft belə Azərbaycanın növbəti beşillikdə azalan neftinin təbii yolla kompensasiya edilməsi yönümündə atılmış addım kimi qiymətləndirilməlidir”.

Mənbə: cia.az