Dəstək ən yaxşı halda limitlərin artırılması ilə bağlı olacaq (EKSPERT)

Dəstək ən yaxşı halda limitlərin artırılması ilə bağlı olacaq (EKSPERT)

"İqtisadiyyat nazirinin məruzəsindən belə başa düşdüm ki, kommunal xidmətlər istiqamətində dəstək ən yaxşı halda limitlərin artırılması ilə əlaqədar olacaqdır".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışını şərh edərkən deyib. Ekspertin fikrincə, bu məsələyə yenidən və daha detallı baxılmalıdır:

"Kommunal xidmətlər üzrə öhdəliklər sosial izolyasiya səbəbindən gəlir mənbələrini tam olaraq itirən illeqal əmək bazarı çalışanlarının (gizli məşğulluq) və onların ailə üzvlərinin sosial-müdafiəsi üçün ən real dəstək alətlərindən biridir. Təklif edirəm ki, aşağıdakı sosial qrupa sosial izolyasiya tədbirlərinin əhatə etdiyi müddət üçün hesablanmış kommunal xidmətlər üzrə borcların dövlət tərəfindən kompensasiya edilməsi hüququ verilsin:

1. Ailə büdcəsinin bütün mənbələr hesabına (əmək haqqı, icarə gəlirləri, pensiya, təqaüd, müavinat və digər sosial transfertlər, fərdi sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər və s) cəmi gəlirlərinin ailə üzvlərinin hər birinə düşən orta məbləğinin 2020-ci il üçün təsdiq edilmiş yaşayış minimumu məbləğindən (190 manat) az olan hər bir ailə üçün.

2. Kompensasiya müddəti: 01.03.2020-ci il tarixindən sosial izolyasiya tədbirləri rəsmi olaraq ləğv edilən tarixədək,

3. Tətbiqi mexanizmi: Kompensasiya hüququ Asan Xidmət Mərkəzləri vasitəsi təsdiq edilsin.

4. Təqdim edilən sənədlər: Ailə tərkibini təsdiq edən sənəd.

Rəşad Həsənov bildirib ki, bu sənədlər əsasında Asan Kommunal Mərkəzləri elektron hökumət portalının imkanlarından istifadə edərək ailə büdcəsinin gəlirlərini və uyğunluğu hesablaya bilər:

"İndiki halda qeyri-rəsmi gəlirlər mexanizm üçün ciddi risk yaratmır. Çünki, əksər sektorlar üzrə iqtisadi fəaliyyətlər məhdudlaşdırılıb".

 

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az