ABŞ-ın büdcə kəsiri İkinci Dünya müharibəsindən bəri ən yüksək həddə çata bilər

ABŞ-ın büdcə kəsiri İkinci Dünya müharibəsindən bəri ən yüksək həddə çata bilər

ABŞ koronavirus və onun fəsadları ilə mübarizə üçün trilyonlarla dollar xərclədiyindən onun illik büdcə kəsiri ölkə iqtisadiyyatının ölçüsünə nisbətdə ən yüksək səviyyəyə çata bilər. "APA-Economics" bu barədə "MarketWatch"a istinadən xəbər verir.

Ötən həftəsonu ABŞ Prezidenti Donald Tramp ölkə iqtisadiyyatının dəstəklənməsinə 2,2 trln. dollar məbləğində vəsaitin ayrılmasına dair sənəd imzalayıb. ABŞ hökuməti daha bir əsas stimullaşdırıcı paketin ayrılmasına dair danışıqlar aparır.

Hələ koronavirus pandemiyasından əvvəl ABŞ 2020-ci maliyyə ilində (2019-cu ilin oktyabrın 1-də başlayıb və 2020-ci ilin sentyabrın 30-da bitəcək) büdcə kəsirinin 2012-ci ildən bu yana ilk dəfə 1 trln. dollardan çox təşkil edəcəyini gözləyirdi.

"Morgan Stanley"nin yeni tədqiqatına əsasən, ABŞ-ın büdcə kəsiri 2020-ci təqvim ilində ən az 3,7 trln. dollar, 2021-ci təqvim ilində isə daha 3 trln. olacaq. Ümumiyyətlə, yaxın 2 ildə büdcə kəsiri dövlət borcunun indiki 23,6 trln. dollardan təxminən 29 trln. dollaradək artmasına səbəb ola bilər.

Cari maliyyə ilində federal büdcə kəsirinin müharibədən sonrakı 2009-cu maliyyə ilində əldə olunan ÜDM-in 9,8%-ni üstələməsi gözlənilir. ABŞ iqtisadiyyatının cari maliyyə ilində azalmasını nəzərə alsaq, iqtisadiyyatın ölçüsü ilə bağlı büdcə kəsiri hətta 15-20% ə yaxınlaşa bilər. Sonuncu dəfə ABŞ-da belə göstəricilər II Dünya Müharibəsi dövründə müşahidə edilib.

Mənbə: apa.az