Korona xaosu: tur-paket alanlar nə etməlidir? - Ekspert

Korona xaosu: tur-paket alanlar nə etməlidir? - Ekspert

Koronavirus infeksiyasının yayılması ilə ölkələrarası bütün səfərlər dayandırılıb. Bu da ən çox turizm sektoruna təsir edib. Hazırda dünyada əksər prestijli otellər bağlıdır. Lakin koronavirusun hələ geniş yayılmadığı aylarda (yanvar, fevral) müxtəlif şəhərlərdəki otelləri rezerv edən vətəndaşlar da var. Bununla yanaşı, bəzi turizm şirkətləri yay ayları üçün xarici ölkələrə turlar təşkil etməyə davam edir.

Mövzu haqda Axar.az-a danışan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, infeksiyanın dünyada yayılması ilə ən böyük zərər turizm sahəsinə dəyib. O vurğulayıb ki, bu pandemiyanın nə qədər çəkəcəyi məlum deyil və bu da ciddi problem yaradır:

“Çünki heç kəs gələcək üçün nə isə proqnozlaşdıra bilmir. Bəzi tur-şirkətlər pandemiyaya əhəmiyyət vermədən hələ də istirahət zonalarına səfərlər təşkil edirlər. Ancaq bu, bir qədər risklidir, çünki hələ heç kəs infeksiyanın təsirini nə vaxt itirəcəyini bilmir. Ümumdünya Turizm Təşkilatı “səfərlərinizi təxirə salın, ancaq ləğv etməyin” çağırışı ilə çıxış edib. Təbii ki, hər bir şirkət bu çağırışa əməl edə bilmir. Hazırda bütün beynəlxalq turizm əlaqələri pozulub. Bu da zəncirvari problemlər yaradıb. Belə ki, infeksiyanın əlaqələri pozması səbəbindən turizm şirkətləri otellərə, bəzi hallarda isə otellər turizm şirkətlərinə borclu qalıb. Həmçinin aviaşirkətlərin də turizm şirkətlərinə borcu yaranıb. Bu səbəbdən indiki halda yay üçün hansısa xarici səfər, tur rezerv etmək bir qədər risklidir”.

S.Dübəndi qeyd edib ki, əgər təyyarə reysləri açılmasa və tur baş tutmasa, bu zaman turistin ödədiyi vəsait geri qaytarılır. Ancaq turist özü turdan imtina etsə, cərimə olunacaq. Yəni ödədiyi məbləğin bir hissəsi tutulacaq.

Mənbə: axar.az