Azərbaycanın ərzaq anbarları doludur, yoxsa boş? - Qiymət artımı...

Azərbaycanın ərzaq anbarları doludur, yoxsa boş? - Qiymət artımı...

"Ölkəmiz gündəlik istehlak mallarına, o cümlədən ərzaqlara görə xarici ölkələrdən idxaldan daha çox asılıdır. Market və bazarlarda, həmçinin digər ticarət obyektlərində satılan malların 80 faizi xarici ölkələrdə istehsal olunur. Bəzilərininsə ölkədə istehsal olunması üçün xammalı xaricdən gətirilir. Bunu cənab prezident də vurğuladı və təəssüf edirəm ki, müxtəlif qurumlar ümumi ölkə üzrə statistika aparkən doğru-dürüst məlumat vermirlər. Dəqiq və məlum rəqəmlər olmadığına görə, iqtisadiyyatda olan problemləri və prosesləri nəzarətdə saxlamaq mümkün deyil".

Bu sözləri Redaktor.az-a danışarkən iqtisadçı Nazim Bəydəmirli deyib. O bildirib ki, əgər pandemiya davam etsə, bu iqtisadi fəaliyyətə kifayət qədər mənfi təsir göstərəcək:

"Ölkələr arasında yükdaşımalarla bağlı məhdudiyyət olmasa da, istisna deyil ki, həmin ölkələr ixracatı dayandırsınlar. Bu halda çətin duruma düşə bilərik. Bu mənada illər boyu dediyimiz kimi, daxili bazarı stimullaşdırmaq, real sahibkarlığa dəstək olmaq lazımdır".

İqtisadçı bildirib ki, ərzaq təhlükəsizliyi tam şəkildə də təmin olunmayıb:

"Hökümət təcili olaraq, bu problemləri aradan qaldırmaq üçün addımlar atmalıdır. Biznes strukturlarına, sahibkarlara, kənd təsərrüfatına, emal sənayesinə və digər sənayelərə - əhalini qida və istehlak malları ilə təmin edənlərə az faizli və yaxud uzunmüddətli kreditlər verməlidir. Bu durumda qiymətlərin bahalaşması etimalı böyükdür. İnhisarçılıq aradan qaldırılmalı, eyni zamanda qiymətin ucuz qalması üçün gömrük rüsumları ləğv edilməlidir".

Sevda Ulutau / Redaktor.az

 

Mənbə: redaktor.az