Marketlərdə onlayn satış sistemi necə işləyir? - REPORTAJ

Marketlərin onlayn satışı – “Siz evinizdə qalın və sifarişlərinizi biz çatdıraq”

Məlum olduğu kimi, hazırda koronavirus epidemiyası ilə əlaqədar ölkə ərazisində ciddi karantin rejimi hökm sürür. Görülən ciddi tədbirlər çərçivəsində insanların evlərində qalmaları tələb olunur. Belə olan təqdirdə pərakəndə ərzaq məhsullarının satışı ilə məşğul olan mərkəzlərə onlayn xidmət göstərilməsi də tapşırılıb.

Bəs görəsən, hazırda marketlərdə bu istiqamətdə işlər necə həyata keçirilir? Xüsusən də 65 yaşdan yuxarı ehtiyacı olan insanların ərzaq tələbatının ödənilməsi üçün satış mərkəzləri hansı addımları atır? Ümumən, ciddi karantin rejimində marketlərdə ərzaq qıtlığı və ya çatışmazlığı ilə bağlı hər hansı bir çətinlik yaşanırmı?

KONKRET.az-ın əməkdaşları bütün bu suallara aydınlıq gətirmək məqsədilə “Rahat” Supermarketlər Şəbəkəsinə baş çəkib. Şəbəkənin Marketinq şöbəsinin müdiri Kənan Şirinov “Rahat” mağazalarında karantin rejiminin tələblərinə ciddi şəkildə əməl edildiyini bildirib:

“Rahat” Supermarketlər Şəbəkəsi karantin qaydaları ilə bağlı bütün filiallarında qabaqlayıcı tədbirləri davam etdirərək hər gün müştərilərin, o cümlədən şəxsi personalın sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə viruslara və zərərli mikroorqanizmlərə qarşı dezinfeksiya işləri aparır. Belə ki, mağazalarımız bağlandıqdan sonra arabalar, müştəri səbətləri, bütün şöbələr hamısı peşəkar şirkət tərəfindən təmizlənir. Bunun üçün şirkət tərəfindən müəyyən məbləğ ayrılıb və bu proses virus təhlükəsi sürənə qədər davam edəcək.

Bundan başqa, marketlərimiz personalın istifadəsi üçün spirt, əlcək və maskalarla tam təmin edilib.

Həmçinin marketlərin girişində müştərilərimizin əllərini rahat şəkildə dezinfeksiya edə bilmələri üçün də şərait yaradılıb. Bunun üçün müəyyən işçilər ayırılıb və həmin işçilər marketin girişində əllərində spirt dayanaraq müştərilərə əllərini dezinfeksiya etməyə yardımçı olurlar. Hər kəs də buna ciddi yanaşır”.

Mövcud vəziyyətlə əlaqədar olaraq evlərə ərzaqların çatdırılması xidmətinin hansı səviyyədə həyata keçirilməsinə isə Kənan Şirinov belə aydınlıq gətirib:

“Artıq bir çox mağazalarımız tərəfindən bir aya yaxındır bu xidmət göstərilir.Tam olaraq təxminən qərar verilən gündən etibarən bunun üçün marketlər üzrə mobil nömrələr ayrılırb və bütün mağazalar çatdırılma ilə bağlı təlimatlandırılıb. Bununla bağlı əsasən Facebook və İnstagram səhifələrimizdə məlumat paylaşmışıq. Mağazalarımızın ünvanları və qarşısında da mobil nömrələr qeyd edilib. Yəni həmin mağazalara yaxın ətrafda yaşayan istənilən şəxs həmin nömrələrə zəng edib, sifariş verə bilər. Qeyd edim ki, sifarişlər hələlik əl ilə, yəni mağaza işçiləri tərəfindən çatdırılır (30 manata yaxın sifarişlər). Və əgər kimsə ağır çəkili məhsul sifariş edirsə, məsələn, 20 litrlik su, 50 kq un və ya şəkər tozu – belə məhsullar yalnız taksi vasitəsilə çatdırılır ki, o halda da müştərilərə məlumat verilir”.

K.Şirinov onu da əlavə edib ki, dövlətin 65 yaşdan yuxarı insanların evdən çölə çıxmaması qərarına uyğun olaraq marketlərdə çalışan bu yaşda olan işçilər maaşları qarşılanmaq şərtilə evlərinə buraxılıblar.

Marketdə olduğumuz müddətdə deyilənlərə doğrudan da ciddi əməl olunduğunun şahidi olduq. Ən əsası isə mağazada heç bir qıtlıq və çatışmazlıq müşahidə etmədik. Yəni məhsullar və mallar bol, həmçinin vitrinlərdə hər şey yerli-yerində idi.

K.Şirinov sonda bütün müştərilərə səslənərək dedi ki, “Biz sizə görə işləsək də, siz evinizdə qalın və sifarişlərinizi də biz çatdıraq”.

Hazırladı: Sevinc Paşayeva

 

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Gazelli Group bütün uşaq evi və internatları antiseptik vasitələrlə təmin etdi

SONRAKI XƏBƏR

Qida və ərzaq logistikası necə tənzimlənməlidir? — Ekspert AÇIQLADI