Böyük Britaniyada rəqəmsal verginin tətbiqinə başlanılıb

Böyük Britaniyada rəqəmsal verginin tətbiqinə başlanılıb

Bu gündən Böyük Britaniyada əsasən “Amazon”, “Google” və “Facebook” kimi ABŞ-ın texnologiya nəhənglərinə yönəlmiş rəqəmsal verginin tətbiqinə başlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, aprelin 1-dən etibarən yeni vergi növünün tətbiq edilməsi barədə məlumatı Kral Vergi və Gömrük Xidməti yayıb.

“Rəqəmsal xidmətlərə görə vergi sosial şəbəkələr, axtarış xidmətləri və onlayn alış-veriş platformalarının istifadəçilərindən əldə etdiyi mənfəətdən 2%-nə bərabər olacaq”, - sənəddə deyilir.

Qeyd olunub ki, vergi dünya miqyasındakı fəaliyyətdən 500 milyon funt sterlinqdən (615 milyon ABŞ dolları), Birləşmiş Krallıq bazarındakı fəaliyyətdən 25 milyon funt sterlinqdən (31 milyon ABŞ dolları) çox olan mənfəətə tətbiq ediləcək.

“Financial Times” qəzetinin yazdığına görə, hökumət bu vergi ilə büdcəyə ildə təxminən 500 milyon funt sterlinq qazandıracağına ümid edir.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında Fransada rəqəmsal xidmətlər göstərən şirkətlərin vergiyə cəlb olunması ilə bağlı qanun layihəsi qəbul edilib. İnternet nəhənglərinin 1 yanvar 2019-cu ildən sonra qazandıqlarına tətbiq olunan vergi dövriyyəsi dünyada 750 milyon avro və Fransada isə 25 milyon avrodan çox olan bütün şirkətlərə şamil edilib. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp Fransa şərablarının idxalı üçün 100% rüsum tətbiq edəcəyinə dair təhdidlə çıxış edib. Nəticədə bu ilin yanvar ayında bu növ verginin toplanmasının 2020-ci ilin sonuna qədər dayandırıldığı elan edilib.

Bununla əlaqədar olaraq, britaniyalı mütəxəssislər yeni verginin tətbiqinin Vaşinqtonun cavab reaksiyasına səbəb ola biləcəyindən narahatlıqlarını ifadə ediblər. ABŞ-ın mümkün addımları arasında krallığın Aİ-dən çıxması fonunda Londonun prioritetlərindən biri adlandırdığı sərbəst ticarət sazişinin bağlanması ilə bağlı mövqeyinin sərtləşdirilməsi göstərilir. Ancaq Britaniyanın Maliyyə Nazirliyi planlarından imtina etməyəcəklərini və bu məsələ beynəlxalq müqavilələrlə tənzimlənməyincə verginin müvəqqəti xarakterli olacağını söyləyib.

Mənbə: report.az