Azərbaycanın ümidlə gözlədiyi QƏRAR: Hökumətin sosial dəstək paketi cəmiyyətə yeni nəfəs verəcək

Azərbaycanın ümidlə gözlədiyi QƏRAR: Hökumətin sosial dəstək paketi cəmiyyətə yeni nəfəs verəcək

Ölkədə iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri sistemləşdirilərək, ictimaiyyətə təqdim olunub.

Son həftələrdə dünyanın axarını tamamilə dəyişən koronavirus pandemiyası həyatın bütün sahələrinə öz mənfi təsirini göstərməkdədir. Dünyanın bir parçası olan Azərbaycana da ayaq açan bu qorxunc infeksiyanın yayılması səbəbindən ciddi məhdudlaşdırıcı addımlar atılıb. İnfeksiyanın miqyasını lokallaşdırmaq və nəticədə onu tamamilə aradan qaldırmaq məqsədilə ölkədə karantin rejimi elan olunub, orta və ali məktəblərdə tədris dayandırılıb, həyati əhəmiyyətli strukturlar nəzərə alınmazsa, əmək fəaliyyəti kəskin məhdudlaşdırılıb, hətta insanların evdən çıxmalarına əsaslı məhdudiyyətlər tətbiq edilib.

Belə bir şəraitdə fəaliyyətin məcburi dayandırılması əlbəttə ki, ilk növbədə özəl sektorun, xüsusilə də, xidmət sferası üzrə ixtisaslaşmış şirkət və obyektlərin böyük həcmdə maddi zərərə uğramaları ilə nəticələnib. Turizm şirkətlərinin fəaliyyətsiz qalmaları, iaşə obyektlərinin fəaliyyətinin dayandırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması və digər tədbirlər qeyd olunan seqmenti maddi planda böyük çətinliklərlə üz-üzə qoyub.

Eyni zamanda, bu günlərdə evdə qalmağı tövsiyə olunan əhalinin əmək fəaliyyətində fasilənin yaranması, bunun nəticəsində sabit gəlirlərindən qismən məhrum olmaları, əvəzində isə kommunal xidmətlərdən istifadə həcminin artması vətəndaşların dövlətdən dəstək gözləntilərini xeyli artırmışdı. Fəaliyyət sahəsindən asılı olmayaraq, hər kəs dövlətin yaranmış vəziyyətə müdaxilə edəcəyini və insanların qarşılaşdıqları problemlərin həllinə təkan verəcəyi gözlənilirdi.

Əslində, hökumət ölkədə koronavirus infeksiyasına ilk yoluxmanın qeydə alınmasından həmən sonra yarana biləcək vəziyyəti düzgün qiymətləndirərək, risklərin önlənməsi istiqamətində hazırlıqlara başlamışdı. Bu çərçivədə əlbəttə ki, ilk olaraq, prezident İlham Əliyevin martın 19-da imzaladığı koronavirus pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi daşıyan Sərəncam əsasında Nazirlər Kabinetinə 1 milyard manat ayrıldı.

Bununla belə, növbəti günlərdə infeksiyaya yoluxanların sayının artması və yuxarıda qeyd olunan məhdudlaşdırıcı qərarların qəbulu haqqında danışılan vəziyyətin yaranması artıq bu istiqamətdə həyata keçirilən ilkin tədbirlərin daha da genişləndirilməsi zərurətini doğurdu. Digər tərəfdən, media və sosial şəbəkələrdə hökumətin mövcud duruma adekvat olaraq, əhalinin və sahibkarların müdafiəsi ilə bağlı geniş tədbirlər planı üzərində iş aparmasına dair məlumatlar cəmiyyətdəki gözləntiləri xeyli artırdı.

Ancaq ortada konkret sənədin olmaması bu məsələ barəsində sadəcə, ehtimallar üzərində fikir bildirməyə imkan verirdi. Nəhayət, martın 31-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun prezident İlham Əliyevin qəbulunda ümumi şəkildə açıqladığı sosial dəstək paketi aktuallığı günbəgün artan bir çox suallara aydınlıq gətirdi.

“İqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri” olaraq, açıqlanan və 2,5 milyard manat həcmində olan dəstək paketi mətbuatda dərc edildiyi üçün onun detallarına varmağa ehtiyac görümürük (Link: https://yenicag.az/hokumetin-koronavirusla-bagli-iqtisadi-yardim-paketi/). .

Lakin mütləq qeyd olunmalıdır ki, açıqlanan paket koronavirus pandemiyasının neqativ təsir göstərdiyi bütün sahələri və sosial kateqoriyaları tam əhatə edir. Sayları yüz minlərlə olan muzdla çalışan işçilər, eyni zamanda, sahibkarlar və əhali bu dəstək paketi əsasında nəzərdə tutlan dövlət dəstəyindən tam şəkildə yararlana biləcəklər. Bu sırada özəl sektorda ixtisarların aparılmamasının, sahibkarlara vergi güzəştlərinin edilməsi və onlara yeni kredit imkanlarının yaradılması və zəmanətlərin verilməsi, əhali üçün xüsusi maddi dəstək, o cümlədən, kommunal xidmətlər üzrə ödənişlərə dəstək və digər addımların nəzərdə tutulması xüsusi qeyd edilməlidir.

Hökumətin açıqladığı iqtisadi dəstək paketi Azərbaycan dövlətinin analoji vəziyyətlərə hazır olmasının və bütün hallarda öz vətəndaşlarının üzləşdikləri problemlərin həllinə dəstək vermək üçün mövcud imkanlarını səfərbər etmək qabiliyyətində olmasının bariz göstərcisidir.

Azərbaycan cəmiyyəti Dövlət-Xalq birliyinin gücü ilə bu dalğanın da qətiyyətlə dəf olunacağına və birgə səylər nəticəsində həyatın öz normal məcrasına qayıdacağına tamamilə əmindir.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

Mənbə: yenicag.az