Prezident xüsusilə idxaldan asılı olan sahələrə kredit ayrılmasını aktual gündəmə gətirdi...

Prezident xüsusilə idxaldan asılı olan sahələrə kredit ayrılmasını aktual gündəmə gətirdi...

Əli Əlirzayev: “Daxili istehsalda maraqlı olan və buna xüsusi önəm verən sahibkarlıq subyektlərinə üstünlük verilməlidir”

“O sahələrə vəsait, kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır”. Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, neft sektoru bizim iqtisadiyyatımız üçün əsas sektor olaraq qalır: “Ancaq digər sektorlar, qeyri-neft iqtisadiyyatımızın inkişafı prioritetdir. Hesab edirəm ki, ixracyönümlü məhsulların istehsalı artırılmalı, sahibkarlıq subyektlərində sertifikatlaşma prosesi davam etdirilməlidir ki, bizim məhsullarımız həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun. O cümlədən, Sahibkarlara Dəstək Fondu hesabına o sahələrə vəsait, kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda, bizim ixracımızı və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan malların xarici komponentinin faizi də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. İqtisadiyyat Nazirliyi bu istiqamətlər üzrə fəal işləyir, bu işləri davam etdirin. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək, - mən buna şübhə etmirəm, - biz bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik”.

İdxaldan asılı olan sahələrə daha çox kreditin verilməsi, nəticə etibarilə, həmin sahələrin xaricdən asılı olmalarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu imkan verəcək ki, məhsul istehsalı zamanı xarici xammala olan tələbat azalsın. Həmin xammal ölkə daxilində istehsal olunsun. Məlumat üçün onu da qeyd edək ki, indiyədək Sahibkarlara Dəstək Fondu tərəfindən 36 minədək sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Verilən kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.

“İqtisadiyyatın xammala olan tələbatı əsasən daxili resurslar hesabına təmin edilməlidir”

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, idxaldan daha çox asılı olan sahələrə kreditlərin ayrılması çox vacibdir: “Bu, məhsul istehsalının maya dəyərinə müsbət təsir edir. Xaricdən asılılıq azalır. Sahibkar çalışır ki, lazım olan xammalı ölkə daxilində istehsal etsin. Elə sahələr var ki, orada idxaldan asılılığı azaltmaq üçün daha çox zaman lazımdır. Məsələn, avtomobil istehsalı zamanı xammala olan tələbatı tam yerli istehsal hesabına təmin etmək vaxt tələb edir. Ancaq gübrə istehsalını daxili istehsal hesabına təmin etmək çətin deyil. Sahibkarlara münasib şərtlərlə kredit verməklə xaricdən olan asılılığı aradan qaldırmaq olar. Məlum olduğu kimi, koronavirusla əlaqədar dünya iqtisadiyyatı üçün bu il ağır olacaq. Ona görə də çıxış yolu ondan ibarətdir ki, mümkün olan qədər daxili istehsalı artıraq. İqtisadiyyatın xammala olan tələbatı əsasən daxili resurslar hesabına təmin edilməlidir. Necə gəldi sahibkarlara kredit vermək olmaz. Daxili istehsalda maraqlı olan və buna xüsusi önəm verən sahibkarlıq subyektlərinə üstünlük verilməlidir. Bu gün sarımsaq nədi ki biz onu Çindən gətiririk. Həmin məhsula olan tələbatı tam yerli istehsal hesabına təmin etmək mümkündür. Kənd təsərrüfatı məhsullarının emalına xüsusi önəm verilməlidir. Bu sahadə daha sistemli işləmək lazımdır. Məhsul istehsalında rəqabət qabiliyyəti artırılmalıdır. Yerli istehsalda maraqlı olan sahibkarlara kredit verməklə yanaşı, digər güzəştlər də edilməlidir. Bir sözlə, mövcud potensial və daxili istehsal imkanları geniş təhlil olunmalıdır”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com