“Avtobuslardan uzaq durmağa çalışın!” - Nəqliyyat ekspertindən XƏBƏRDARLIQ

“Avtobuslardan uzaq durmağa çalışın!” - Nəqliyyat ekspertindən XƏBƏRDARLIQ

Məlum pandemiya – koronavirusun yayılması ilə bağlı ölkəmizdə sosial izolyasiya və karantin şərtləri ciddiləşməkdədir. Bu virusun yayıla bilməsi üçün ən riskli yerlərdən biri ictimai nəqliyyatdır. Elə bunu nəzərə alaraq ictimai nəqliyyatda da müəyyən tədbirlər görülməkdədir. Artıq Bakı Metrosu ilə sərnişin daşınması hələlik 20 aprelədək dayandırıldı.

Modern.az-ın məlumatına görə, nəqliyyat sahəsi üzrə tanınmış ekspert Ərşad Hüseynov metronun bağlanmasını düzgün addım hesab edir.

“Çünki metroda sanitariya-epidemioliji mühafizəni təmin etmək daha çətindir (havalandırma sisteminin qapalılığı, sərnişinlərin əllə toxunduğu yerlərin çoxluğu, dezinfeksiya edilməsi məcburi olan məkanların – stansiyaların, vaqonların, giriş-çıxışların böyüklüyü, dezinfeksiya üçün bütöv qatarların hərəkətinin dayandırılmasının tələb edilməsi və s.)”.

Hazırda ölkə üzrə ictimai sərnişindaşıma yükü əsasən avtobusların və taksilərin üzərinə düşüb (Abşeron ərazisindəki qatarlarla da məhdud daşımalar var).
Avtobuslarda sanitariya-epidemioliji mühafizəni təmin etmək üçün ciddi işlər görülür, sərnişinlərin bir-biri ilə ara məsafə saxlaması tələb edilir, gündəlik dezinfeksiya işləri görülür və s. Lakin son 2 günün mənzərəsi göstərir ki, bu elə də asan deyil.

“Xüsusən Bakıda bəzən sərnişin sıxlığı görünür. Yəqin ki, Gəncə, Sumqayıt və başqa bəzi şəhərlərdə də öxşar mənzərə var. Bu isə hazırkı karantin şəraiti ilə bir araya sığmayan mənzərədir. Əgər sosial izolyasiya və karantin tələblərinə belə biganəlik davam etsə, ictimai nəqliyyat virisusn yayılması üçün ən münbit məkan olacaq”, - Ərşad Hüseynov bildirib.

Bəs vəziyyətdən necə çıxmalı? Sərnişin daşımalarının epidemiolioji təhlükəsizliyini necə təmin etmək olar?

Hüquqşünas bildirib ki, 3 istiqamətdə işlər görülməlidir:

“1. İnsanların sosial izolyasiya və digər karantin qaydalarına riayət etməsi səviyyəsi daha da artırılmalıdır. Təbliğat-təşviqat, həm də inzibati nəzarəti artırmaqla zərurət olmadan küçəyə çıxma azaldılmalı, ictimai nəqliyyatdan istifadəyə son qoyulmalıdır. İnsanlarımız başa düşməlidirlər ki, bu virusun bizi tapacağı, daha sonra bizin onu başqalarına ötürəcəyimiz ən münbit yer avtobuslardır. Nəzərə almaq lazımdır ki, ən ciddi risk qrupunda olan peşələrdən biri də avtobus sürücüləridir. Onsuz da məsələn, Bakıda avtobus sürücüləri çatışmır, hansısa sürücü bu virusa yoluxsa, onun özü və hətta yaxın təmasda olduğu digər sürücülər karantinə alınacaq. Deməli, avtobus qarajda qalacaq. Ona görə də, hər zaman ictimai nəqliyyatdan istifadəni təbliğ etsəm də, məhz bu dövrdə tam əksini deyirəm: avtobuslardan uzaq durmağa çalışın. Ən zəruri ehtiyaclar üçün gedəcəyiniz yer (market, aptek və s.) bir qədər kənarda olsa da, digər izolyasiya şərtlərini də gözləməklə ora imkan daxilində piyada getmək daha yaxşıdır.

2. Həyat əhəmiyyətli işlərdə və dayandırılmamış digər işlərdə çalışanların gedib-gəlməsi qaçılmazdır. Bunun üçün ən yaxşı və az təhlükəli variant xüsusi daşımaların (servislərin) təşkilidir. Düşünürəm ki, imkanı olan qurumlar və ayrı-ayrı şirkətlər öz işçilərini ayrıca avtobuslarla daşısalar, bu daha az təhlükəli olacaq. Çünki belə avtobusların dəqiq qrafiki olacaq, hər reysdən sonra onları çox yaxşı dezinfeksiya etmək olar, istifadə edən sərnişinlərin hamsı konkret quruma bağlı olduğundan onları fərdi mühafizə vasitələri ilə daha yaxşı təchiz etmək olar və s. Ən başlıcası isə belə daşımalarda işçi qeri-müəyyən dairədən olan kənar sərnişinlə təmasda olmur, yoluxma ehtimalı azdır. Təsəvvür edin ki, belə qurumlardan bəzilərinin bircə işçisinin yoluxması həmin qurumun və ya onun hər hansı bölməsinin bütün əməkdaşlarının karantinə alınması ilə nəticələnə bilər. Nəticədə həmin təşkilat və ya bölmənin işi iflic olur, minlərlə insan bundan zərər çəkir. Yeri gəlmişkən, bu virusun doğurduğu ən ciddi fəsadlardan biri məhz budur: məsələn, həkim özü yoluxur və onun müalicə edə biləcəyi yüzlərlə insan müalicədən kənar qalır və s.
Həyat əhəmiyyətli işlərdə çalışan işçilər üçün belə xüsusi servisləri mərkəzləşdirilmiş qaydada da təşkil etmək olar. Hətta konkret bir sahə üzrə işçiləri daşıyacaq avtobusu müvəqqəti də olsa, kirayəyə götürmək olar (hazırda karantinlə bağlı müvəqqəti olaraq istismardan kənarda qalmış avtobuslar, xüsusən şəhərlərarası daşımalarda istifadə edilən mikroavtobuslar çoxdur).

3. Yəqin ki, həyat əhəmiyyətli işlərdə və dayandırılmamış digər işlərdə çalışanların hamısı üçün xüsusi servislərin təşkili mümkün olmayacaq. Bundan başqa zərurətlə bağlı başqa insanlar da hərdən harasa getməyə məcbur olacaqlar. Belə hallarda onların adi marşrutlarda, o cümlədən metronu əvəzləyən ekspres xətlər üzrə daşınması qaçılmazdır. Düşünürəm ki, bu halllarda avtobuslarda sıxlığı azaltmaq üçün həyat əhəmiyyətli işlərdə və dayandırılmamış digər işlərdə çalışanları xüsusi buraxılışlarla təmin etmək zərurəti yaranıb. Düzdür, asan məsələ deyil, söhbət xeyli sayda və müxtəlif xarakterli işlərdən (market kassirindən polis əməkdaşına və ya həkimə qədər) gedir. Ancaq operativ şəkildə bu buraxılışın vahid formasını, verilmə qaydasını və s. məsələləri hüquqi olaraq müəyyən etmək və həyata keçirmək mümkündür.
Zərurət səbəbindən yola çıxmalı olanlar barəsində isə iş bir az çətin ola bilər. Lakin burada da həmin zərurət hallarını dəqiqləşdirmək olar. Daha sonra, məsələn, polis əməkdaşları belə zərurəti yerində yoxlamaqla ictimai nəqliyyatdan istifadəyə fərdi icazə verə bilər. Düzdür, bu asan olmayacaq, lakin yaranmış vəziyyətin ciddiliyi insanlara aydın çatdırılarsa, düşünürəm ki, sui-istifadə edənlər çox olmaz.

Son variant üzrə daşımalarda daşıyıcılar və nəzarət qurumları (Bakıda BNA, ölkənin digər şəhərlərində isə DANX) işi elə təşkil etməlidirlər ki, avtobuslarda zəruri ara məsafəsini imkan daxilində gözləmək mümkün olsun. Marşrut xətlərinə ehtiyaca uyğun avtobuslar çıxarılmalıdır. Avtobusların daimi dezinfeksiyası, sürücülərin qorunması da öz yerində olmalıdır.

Hər bir halda #evdəqal çağırışı və küçədə dolu avtobus bir-birinə uyğun olmayan mənzərədir”.
A.Qorxmaz

Mənbə: modern.az