Avtomobil bazarında son durum: Belə davam etsə...

Avtomobil bazarında son durum: Belə davam etsə...

“LMC Automotive” agentliyinin məlumatına görə, 2020-ci ildə dünya miqyasında minik avtomobilləri satışları 23 faiz düşə bilər. Bu mənfi tendensiyalar son iki ildə avtomobil idxalında dinamik artımın müşahidə olunduğu, həmçinin yeni istehsal müəssisələrinin istifadəyə verildiyi Azərbaycana da təsir göstərə bilər.

Bəs qlobal avtomobil bazarındakı tənəzzülün Azərbaycana təsiri hansı yöndə olacaq? Rusiya rublunun və İran tüməninin kursunun aşağı düşməsi idxal komponentlərinin ucuzlaşmasına təsir göstərəcəkmi ?

İqtisadçı-ekspert Samir Əliyev Yenisabah.az saytına açıqlamasında idxalla bağlı problem yaranacağı təqdirdə Azərbaycanda avtomobil zavodunun fəaliyyətinin dayana biləcəyini deyib:

“Azərbaycanda avtomobil yığılması prosesi gedir. Ehtiyat hissələrin hamısı xaricdən, konkret olaraq İrandan gəlir və yığılır, yəni bu, istehsal deyil. Sabah idxalla bağlı problem yaranarsa, bu, mütləq Azərbaycanda avtomobil zavodunun fəaliyyətinin dayanmasına gətirib çıxaracaq. Doğrudan da avtomobil satışı kəskin aşağı düşüb, məsələn, Çinin özündə ilk ay 92 faiz, ikinci ay 76 faiz düşmüşdü. Bu, çox böyük neqativ göstəricidir. Azərbaycanda da həmişə belə böhranlı vaxtlar avtomobil alışı problem yaradır, yəni tələb kəskin azalır və bu da təklifə öz təsirini göstərir”.

Ekspert qeyd edib ki, adi halda, yəni koronavirus məsələsi olmasa, Rus rublunun, İran tüməninin ucuzlaşması oradan gələn istənilən komponentlərin qiymətində mütləq təsir göstərir, lakin hazırkı vəziyyət biraz başqadır:

“Artıq burada məzənnə məsələsi arxa plana keçir. Eyni vəziyyət tək Azərbaycanda yox, bütün dünyadadır. Bu baxımdan düşünmürəm ki, qonşu ölkələrədə valyutasının düşməsi Azərbaycanda istehsal olunan avtomobillərin qiymətinin ucuzlaşmasına və bununla da onların satışının artmasına gətirib çıxaracaq. Çünki problem odur ki, Azərbaycanda istehsal olunan avtomobilin bu gün alıcısı varmı? Söhbət koronavirus dövründən gedir, çünki ona qədər az-çox alıcısı var idi. Amma bu gün ümumiyyətlə bütün sahələrə virusun mənfi təsiri var. Məsələn, daşınmaz əmlak tamamilə dayanıb. İnsanlar belə vəziyyətlərdə ilkin tələbatlara, yeməyə yönəlik xərclər edirlər, hansısa rifah üçün mal almırlar. Əvvəla bu gün həmin ölkələrdən idxalın olub-olmdığını dəqiqləşdirmək lazımdır. Bunun özü də sualaltıdır. Çünki sərhədlər bağlanıb”.

Samir Əliyevin sözlərinə görə, Rusiya və İranda valyutanın ucuzlaşması sadəcə ilk baxışda idxal olunan malların ucuzlaşmasına gətirib çıxarır, daha ətraflı təhlil etdikdə isə vəziyyətin fərqli olduğu görünür:

“Rusiyadan və İrandan tutaq ki, mallar gətirilir, əlbəttə ilk baxışdan ordakı valyutanın ucuzlaşması ordan idxal olunan malların ucuzlaşmasına gətirib çıxarır. Amma bir sıra hallarda qiymətlər ABŞ dollarına bərkidilmiş şəkildə müəyyən edilir. Əgər dollar bahalaşırsa, həmin ölkələrin valyutalarına, avtomatik olaraq ordan idxal olunan malların qiymətinə də bu öz təsirini göstərir. Ona görə də düşünmürəm ki, Rusiyadan rublun ucuzlaşması nəticəsində oradan idxal olunan mallar ucuzlaşsın. Yəqin ki, dollar amilini nəzərə alırlar, çünki onlar özləri də istehsal etdikləri məhsulun komponentini hardansa alırlar və onu da dollarla alırlar. O cümlədən İranda da vəziyyət elədir. Avtomobil istehsalının artacağını düşünmürəm. Qlobal avtomobil bazarındakı tənəzzül Azərbaycana da mənfi təsir göstərə bilər. Tutaq ki, sürücü xidmət göstərə bilmirsə, gedib avtomobil almayacaq, çünki xidmət göstərməlidir ki, avtomobilin xərcini ödəyə bilsin. Əgər koronavirus məsələsi həllini taparsa, bu sahədə müəyyən qədər canlanma ola bilər”.

Yenisabah.az

Mənbə: yenisabah.az