Bitkoin yeni zirvələrə qalxacaq – Ekspertdən AÇIQLAMA

Bitkoin yeni zirvələrə qalxacaq – Ekspertdən AÇIQLAMA

“Son ayda baş verən iqtisadi sosial və siyasi məsələlər kriptovalyuta bazarında da yan ötmədi. Öncə martın əvvəli baş verən neft qiymətlərində ucuzlaşma ilə paralel kriptovalyuta bazarında qiymətlərin düşməsini müşahidə elədik. Bu hadisələr bir-biri ilə birbaşa bağlı deyil. Bəzi analitiklərin fikrinə görə, bir çox investorlar kriptovalyutanı siyasi, sosial və iqtisadi böhranlarda daha etibarlı investisiya aləti kimi tanıyırlar. Buna görə Bitkoinin dəyərinin tezliklə artacağına və hətta yeni zirvələrə qalxacağına inam var”.

Bunu TED.az-a açıqlamasında kriptovalyuta üzrə ekspert Hüseyn İbadov deyib.
H.İbadov Bitkoinin sabit valyuta olduğunu bildirib: “Səudiyyə Ərəbistanının Rusiya ilə mübahisəsi neft bazarında böhran ilə nəticələnib. Bundan əlavə, koronavirusun yayılması və bir çox ölkənin karantin kimi tədbirləri həyata keçirməsi neftə olan tələbi azaldıb. Bu da öz növbəsində, neft qiymətlərini aşağıya çəkir. Bitkoin isə əksinə, daha sabit valyuta sayılır və heç bir hadisədən, demək olar ki, asılı deyil”.
Ekspert kriptovalyutanın bir xalqın digərinə qarşı müharibə aləti kimi istifadə edilə bilməyəcəyini vurğulayıb: “Kriptovalyuta bir xalqın digərinə qarşı müharibə aləti kimi istifadə edilə bilməz. Bu səbəbdən, rəqəmsal valyutanln qiymətini idarə etmək mümkün deyil. Buna uyğun olaraq Bitkoin siyasi və iqtisadi qeyri-müəyyənliklərə qarşı risklərin sığortalanması rolunu oynayır və investorlar tərəfindən etibar edilir”.
“Söyləyə bilərik ki, kriptovalyuta “görünməz” valyuta olsa da, hazırki dönəmdə aktivlərin qorunması üçün bir çox investorlar tərəfindən istifadə olunur”, – deyə, mütəxəssis əlavə edib.

Fatiə ZÜLFİQAR

Mənbə: ted.az