Almaniyanın “Outsourcing” Assosiasiyasının jurnalı Azərbaycanın İKT sektorundan yazır

Almaniyanın “Outsourcing” Assosiasiyasının jurnalı Azərbaycanın İKT sektorundan yazır

Bu gün Almaniyanın “Outsourcing” Assosiasiyasının jurnalının “onlayn” nəşrində səfir Ramin Həsənovun “İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru Azərbaycanın inkişafının əsas aparıcı qüvvəsi qismində” başlıqlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin İKT sektorunun icmalı, bu sahədəki əsas statistik göstəricilər və Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə dair məlumat təqdim olunur.

Məqalə qeyd olunur ki, İKT Azərbaycanın innovasiyaya, texnologiyalara və biliklərə əsaslanan iqtisadiyyata keçidində mühüm rol oynayır. Qeyri-əmtəə sektorunun inkişaf etdirilməsində, iqtisadiyyatın şaxələndirilməsində, regionların bərabər sosial-iqtisadi inkişafında, “Made in Azerbaijan” konsepsiyasının və “Made in Azerbaijan” brendinin təşviqində İKT sektoru əsas prioritetlərdən biri qismində müəyyənləşdirilib. İKT ilə bağlı məsələlər “Azərbaycan 2020: gələcəyə baxış”, eləcə də milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əksini tapıb. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində strateji geo-iqtisadi yerləşməsi, o cümlədən ölkənin nəqliyyat və logistika potensialı regionda İKT qovşağı və rəqəmsal körpü qismində inkişafına şərait yaradıb.

Azərbaycanda sənaye və texno-parklar yaradılıb. Məqsəd rəqəmsal iqtisadiyyatın təşviq olunmasından, eləcə də kiçik və orta müəssisələrin rəqabət qabiliyyətliliyinin artırılmasından ibarətdir. Bu xüsusda, həmin parkların rezidentləri üçün vergi və gömrük güzəştləri təklif olunur. Eyni zamanda, biznes prosedurlar sadələşdirilib və qeydiyyat prosesi elektron şəkildə “vahid pəncərə” prinsipi əsasında həyata keçirilir.

Daha sonra məqalə qeyd olunur ki, Azərbaycan trans-regional İKT bağlantını BMT tərəfindən dəstəklənən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) vasitəsilə təşviq edir. TASİM layihəsi Avrasiya regionunda genişzolaqlı internet bağlantısını, İKT infrastrukturunun inkişafını və elektron kommersiyanı gücləndirəcək. BMT-nin hesabatına əsasən, TASİM tranzit qovşağı qismində Azərbaycanın regionda mövqeyini ön plana çıxaracaq. Eyni zamanda, həmin hesabata görə, açıq dənizə çıxışı olmayan ölkələr arasında Azərbaycan güclü sərhədboyu bağlantıya malikdir. TASİM Avrasiya ölkələrinə hədəflənmiş, trans-milli fiber-optik magistralın yaradılmasını, Almaniyadan Çinə doğru yeni tranzit marşrutunun inkişafını ehtiva edən regional təşəbbüsdür. TASIM Konsorsiumu çərçivəsində fəaliyyətin davam etdiriləcəyi və layihənin istifadəyə veriləcəyi təqdirdə bu marşrut Avropanın və Asiyanın ən böyük internet mübadilə nöqtələri olan Frankfurt və Honq Konq şəhərlərini birləşdirəcək.

Regionda yeganə süni peyk operatoru olan “Azərkosmos” beynəlxalq kosmik fəza sənayesinin aparıcı aktorlarından biri olmağa çalışır. Regionun ən böyük infrastrukturu olan Data Mərkəzi ölkənin qlobal informasiya mühitinə inteqrasiyasını intensivləşdirəcək. Elektron kommersiyanın infrastruktur bazasının daha da inkişaf etdirilməsi, eləcə də regional iqtisadi-ticari əməliyyatların asanlaşdırılması məqsədilə bir sıra xidmətlər təklif edən Rəqəmsal Ticarət Qovşağı portalı yaradılıb. Aparıcı elektron kommersiya portallarına inteqrasiya edilmiş “Azexport.az” saytı “Made in Azerbaijan” brendli məhsullar barədə məlumatlar təmin edir, o cümlədən onların yerli və xarici bazarlarda satışı üçün platforma qismində fəaliyyət göstərir. Milli Nüvə Tədqiqatları Mərkəzi sülh məqsədləri üçün nüvə texnologiyalarını inkişaf etdirir və elmi tədqiqatlarını genişləndirir. Yüksək Texnologiyalar Tədqiqat Mərkəzi mükəmməl texnologiyaların Azərbaycana idxal olunması və rəqəmsal transformasiyanın gücləndirilməsi məqsədi daşıyır. Müxtəlif İKT həllərinin inkişaf etdirilməsi, eləcə də gənc peşəkarları və “start-up”çıları cəlb etməklə innovativ fəaliyyətlərin genişləndirilməsi məqsədilə Əşyaların İnterneti Laboratoriyası təsis olunmuşdur. Xarici bazarlara innovativ və rəqabət qabiliyyətli məhsulların və xidmtələrin ixracı məqsədilə Azərbaycanın aparıcı 10 şirkəti tərəfindən Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu yaradılıb.

İllik əsasda keçirilən “Bakutel” – Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi rəqəmsal gələcəyin formalaşdırıması məqsədilə qlobal İKT nailiyyətlərinin nümayiş olunması üçün biznes platformasıdır. BMT-nin Dövlət Xidmətləri Mükafatı ilə təltif olunmuş “ASAN xidmət” tərəfindən Azərbaycan vətəndaşları və rezidentləri üçün innovativ formada müxtəlif ictimai xidmətlər göstərilir, o cümlədən mükəmməl İKT həlləri tətbiq edilir. İKT-dən istifadə və onun tətbiqi, həmçinin ölkədə əqli mülkiyyətə əsaslanan artıma və innovativ inkişafa imkan yaradır. Əqli mülkiyyətin kommersiyalaşdırılması Azərbaycan iqtisadiyyatı üçün əlavə gəlir yaradır, eləcə də kreativ sənayelərin ÜDM-dəki payını təxminən 5 faizə çatdırır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatına əsasən, 2018-ci ildə Azərbaycanda qüvvədə olan patentlərin sayı 253-ə bərabər olub.

Vurğulanıb ki, Azərbaycan regionun ən uğurlu islahatçılardan və “aktor”larından biridir. Bir çox beynəlxalq təşkilatlar (Beynəlxalq Telekommunikasiya İttifaqı, Davamlı İnkişaf üçün Genişzolaqlı Komissiya, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Ümumdünya İqtisadi Forumu və s.) Azərbaycanın iqtisadi nailiyyətlərini qəbul və təqdir edir. Son beynəlxalq iqtisadi hesabatlara əsasən, Azərbaycan bir sıra iqtisadi göstəricilər, xüsusən də biznesin aparılmasının və kreditin əldə olunmasının asanlığı, internetdən istifadə, bacarıqlı işçi qüvvəsi və savadlılıq üzrə yaxşı yerlərə layiq görülüb. Bu xüsusda, Azərbaycan, qlobal dəyər “zəncir”lərinə və çoxtərəfli ticarət sisteminə səmərəli inteqrasiya etmək, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq məqsədilə beynəlxalq əməkdaşlığını genişləndirir.

Almaniya-Azərbaycan iqtisadi əlaqələrindən də söz açan müəllif qeyd edir ki, Almaniya-Azərbaycan iqtisadi əlaqələri ən dinamik inkişaf edən əməkdaşlıq sahələrindəndir. İki ölkə arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlər, biznes tədbirlərinin təşkili, Azərbaycanın Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə iştirakı ikitərəfli iqtisadi-ticari münasibətlərin genişlənməsinə xüsusi töhfə verir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticari tərəfdaşıdır. 2019-cu ilin 1-ci yarısında, Almaniyanın Cənubi Qafqazla ümumi ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 75 faiz olub. 2018-ci ildə Almaniya Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı idi. 2019-cu ilin 1-ci yarısında, ikitərəfli ticarətin həcmi 1 milyard avrodan artıq olub. 1995-2018-ci illərdə Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 630 milyon ABŞ dolları məbləğində sərmayə yatırılıb. Alman şirkətləri əsasən Azərbaycanın qeyri-neft sektorunda fəaldırlar. Almaniya-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycanda müvəffəqiyyətlə fəaliyyət göstərir və onun təxminən 140 üzvü var. Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək-Səviyyəli İşçi Qrupunun 9-cu iclasının 2020-ci ildə Berlin şəhərində keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Almaniyanın “Outsourcing” Assosiasiyasının 900-dan artıq üzvü və onun jurnalının 4000-dən çox abunəçisi var. Təsisatın məqsədi İKT sahəsində alman şirkətlərini xaricdəki “outsourcing” imkanları barədə məlumatlandırmaqdan, eləcə də alman bazarına daxil olmağa maraq göstərən xarici şirkətlərin dəstəklənilməsindən ibarətdir.

Vüqar Seyidov

AZƏRTACın xüsusi müxbiri

Berlin

Mənbə: azertag.az