Müflis elan edilən bankın kreditorları işsizlikdən sığorta haqları üzrə borcları ödəyəcək

Müflis elan edilən bankın kreditorları işsizlikdən sığorta haqları üzrə borcları ödəyəcək

Müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülməsində dəyişiklik edilir.

APA-nın məlumatına görə, “Banklar haqqında” qanuna bu barədə təklif edilən dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliyə əsasən, bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər də onun kreditorları arasında növbəlik qaydasında bölüşdürüləcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Beləliklə, qanun qəbul ediləcəyi təqdirdə, işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər də bu sıraya daxil edildikdən sonra müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürüləcək:

- fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;

- iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;

- iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;

- bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;

- müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;

- bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası haqları və işsizlikdən sığorta haqları üzrə ödənilməli məbləğlər;

- təminatsız kreditorların tələbləri.

Mənbə: apa.az