Natiq Cəfərli: `Əhalidən oğurlanan əhaliyə qaytarılır`- amnistiyanın fəlsəfəsi belə olmalıdır

Natiq Cəfərli: `Əhalidən oğurlanan əhaliyə qaytarılır`- amnistiyanın fəlsəfəsi belə olmalıdır

ReAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində ölkədə kölgə iqtisadiyyatının azaldılması yolları, kapital və əmlakın amnistiyası məsələlərinə toxunub.

Amerikanın Səsi: İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə prezidenti ilə görüşündə bildirib ki, həm özəl, həm də bank sektorunun nümayəndələri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib alət olan kapitalın və əmlakın amnistiyası məsələsinə baxılmasını xahiş edib. Belə amnistiya üçün hansı praktiki yollar var? Bir də bu amnistiya “şəffaf iqtisadiyyat, şəffaf biznes” ənənəsi yarada bilərmi?

Ya koalision hökumət formatına keçid olmalıdır ki, biznesdə güvən yaransın və bu yolla geri dönüşün olmadığı təsis olunsun. Ya da, heç bir siyasi məsuliyyəti olmayan texniki bir hökumət yaradılmalıdır.

Natiq Cəfərli: Əslində, kölgə iqtisadiyyatı ilə mübarizədə bir çox ölkələrin maliyyə amnistiyası və kapitalın, əmlakın amnistiyası praktikası var. Bir çox ölkələr bundan istifadə edib. Amma, burada çox önəmli olan məsələ güvən məsələsidir. Yəni, bu addım atılarkən güvən təsis olunmalıdır. Güvən təsis olunması üçün isə normal, ədalətli məhkəmə sistemi olmalıdır ki, əgər amnistiya veriləcəksə, bundan faydalanan insanlar gələcəkdə özlərinin təqib olunmayacağına əmin olsunlar. Dünyada bu həmişə belə olub. Azərbaycanda isə spesifik xüsusiyyət odur ki, bizdə məmur biznesi öncüllük təşkil edir. Yəni, kapitalın, əmlakın amnistiyası da daha çox məmurlara aid edilməlidir. Bu gün fəaliyyətdə olan məmurlar və bundan öncə vəzifədə olan insanlar bu qaydalara, bu qanunlara güvənməlidirlərki öz əmlakını və yaxud da maliyyə resurslarını bəyan etsinlər. İndiki şəraitdə Azərbaycanda bu güvən ortamı yoxdur. Güvən ortamının təsisi üçün müxtəlif addımlar atılmalıdır. Dünya praktikasında ən effektiv addım Şərqi Avropa ölkələrində olub. Şərqi Avropa ölkələrində məhz sistem, hakimiyyət dəyişikliyindən sonra maliyyə amnistiyası addımları atılıb və bu, effekt verib. Amma, yaxın qonşumuz Rusiyada bir neçə il bundan öncə bu addımın atılmasına cəhd göstərildi və heç bir effekt vermədi. Çünki, Rusiyadakı biznes çevrələri, məmurlar, - orada da məmur biznesi öncüllük təşkil edir, - öz daşınan və daşınmaz əmlakını bəyan etməkdən çəkindilər. Çünki sonradan təqib olunacaqlarını düşündülər. Azərbaycanda bu addımın atılması üçün siyasi addımların atılmasına da ehtiyac var. Yəni, indidki şəraitdə hökumətin seçki yolu ilə dəyişməsi mümkün deyil. Çünki, heç bir seçki prosesi yoxdur. Deməli, iki yol qalır. Ya koalision hökumət formatına keçid olmalıdır ki, biznesdə güvən yaransın və bu yolla geri dönüşün olmadığı təsis olunsun. Ya da, heç bir siyasi məsuliyyəti olmayan texniki bir hökumət yaradılmalıdır. Texniki hökumət siyasi qərarların alınmasında daha rahat davrana bilər. Bu qərarlar alınmasa, güvən ortamı təsis olunmasa maliyyə amnistiyasının, əmlak amnistiyasının heç bir effekti olmayacaq.

Adobe Flash Player-i əldə edinEmbedshare

Natiq Cəfərli: `Əhalidən oğurlanan əhaliyə qaytarılır`- amnistiyanın fəlsəfəsi belə olmalıdır

EmbedshareThe code has been copied to your clipboard.widthpxheightpxFacebookda bölüş Twitterdə bölüş The URL has been copied to your clipboard

No media source currently available

0:000:09:220:00Direct link270p | 23,2MB360p | 32,4MB404p | 41,1MB720p | 135,4MB810p | 156,2MB

Amerikanın Səsi: Azərbaycan qanunvericiliyində qanunsuz yolla əldə olunan kapital və əmlak cinayət məsuliyyəti yaradır? Sizcə bu halda indiyədək eyni əmələ görə həbs həyatı yaşayanlara və hazırda həbsdə olanlara münasibətdə hansı addımlar atılmalıdır?

O vəsait, ancaq, sosial layihələrə, vətəndaşların sosial güzəranının yaxşılaşmasına yənəldilməlidir.

Natiq Cəfərli: Əslində, maliyyə amnistiyası veriləcəksə, qanunun geriyə şamil olunması gücü yoxdur. Bu səbəbdən amnistiya həmin insanlara aid edilməməlidir. Amma, bu işin fəlsəfəsi ondan ibarətdir ki, ölkədə bir düzən yaransın, kapitalın ortalığa çıxması prosesi baş versin. Bu kapital da Azərbaycanın iqtisadi fəaliyyətində mühüm rol oynasın. Yeri gəlmişkən, bu addımı effektiv atan ölkələrin praktikasında belə bir yanaşma da var ki, bunun üçün ayrıca bir fond yaradılır. Məsələn, Azərbaycanın timsalında bir tərəqqi fondu yaratmaq olar. Maliyyə amnistiyasından gələn vəsaitləri tərəqqi fonduna toplamaqla hökumətə istənilən halda ondan istifadənin məhdud sınırlarını gətirmək lazımdır. Yəni, hökumət o vəsaitdən istədiyi qədər istifadə edə bilməz. O vəsait, ancaq, sosial layihələrə, vətəndaşların sosial güzəranının yaxşılaşmasına yənəldilməlidir. Bunun fəlsəfəsi də odur ki, vaxtı ilə oğurluq edən, korrupsiya yolu ilə pul qazanan məmurlar indi əhalidən oğurladığının bir hissəsini əhaliyə qaytarır. İkincisi yol isə bu vəsait kiçik və orta sahibkarlığa aşağı faizli uzun müddətli kreditlərə sərf olunmalıdır ki, bu, tərəqqiyə, yeni iş yerlərinin yaradılmasına gətirsin. Ona görə də keçmişə şamil olunmasa da, keçmişdə bu maddələrlə ittiham olunanlara müəyyən dərəcədə amnistiya gətirilməlidir. Onların da azadlığa çıxması şansı yaradılmalıdır ki, ölkədə milli barış yaransın. Bunun nəticəsində də hər şey sıfırlansın. Yeni ağ xəttdən, yeni ağ vərəqdən yeni münasibətlər təsis olunsun.

Amerikanın Səsi: Ekspertlər ölkədə qanunsuz yolla qazanılan kapitalın və əmlakın böyük qisminin hökumət rəsmilərinə aid olduğunu bildirir? Sizcə, “vəzifədə ol, qanusuz yolla əmlak və kapital əldə et və sonra amnistiya olun” xahişi nə dərəcədə ədalətlidir? Belə amnistiya olarsa, bu, cinayət yolu ilə dövlət büdcəsini və ya başqasının əmlakını talayanların bağışlanması demək olmazdımı?

Maliyyə, əmlak amnistiyası olmalıdır ki, iqtisadiyyat sıfırdan, yenidən inkişafa qədəm qoysun. Yəni bütün münasibətlər kölgədən çıxsın.

Natiq Cəfərli: Geç-tez bu addım atılacaq. Məşhur amerikan milyarderlərindən birinə sual veriblər ki, vəsaiti necə qazanıbsan? Deyib, birinci milyondan başqa istənilən vəsaitin hesabatını verə bilərəm. Yəni, `ilk milyonu necə qazanmışam, bunu məndən soruşmayın`. Azərbaycanda müstəqillikdən üzü bəri kapitalın necə təmərgüzləşməsini hamımız yaxşı bilirik. Milli barış üçün belə bir addım atılmalıdır. Geci-tezi də atılacaq. Maliyyə, əmlak amnistiyası olmalıdır ki, iqtisadiyyat sıfırdan, yenidən inkişafa qədəm qoysun. Yəni bütün münasibətlər kölgədən çıxsın. Bu mütləq baş verəcək. Təbii ki, bu çox ağır bir qərardır. Bundan əhalinin böyük bir qismi də narazı olacaq. Kifayət qədər narazılar olacaq. Məhz buna görə, düşünürəm ki, bu qərarın həyata keçirilməsinin ən yaxşı yolu, ya koalision hökumətin yaradılmasıdır ki, məsuliyyət bölgüsü olsun və insanları bu işə daha ciddi şəkildə hazırlamaq mümkün olsun. Ya da heç bir siyasi məsuliyyəti olmayan texniki bir hökumət bu addımı atmalıdır ki, insanlara bir güvən təsis olunsun. Yəni, bu iki addım olmasa indiki şəraitdə, indiki sistemlə, indiki hökumətlə bu addımın atılmasının heç bir effekti olmayacaq.

Amerikanın Səsi: Məhkəmə prosesləri göstərir ki, bir çox hallarda qanunsuz yolla qazanılmış böyük həcmli kapital xarici ölkələrdə yerləşdirilib və ya əmlak alınıb. Amnistiya elan edilərsə həmin kapital və əmlak necə leqallaşdırıla bilər? Yəni gizli iqtisadiyyatın başında duranların bu kapitalı ölkəyə gətirəcəyi nə dərcədə inandırıcı görünür?

Yeri gəlmişkən, bizim məmurların böyük əksəriyyətinin əsasən Avropada biznesləri, daşınan, daşınmaz əmlakları var.

Natiq Cəfərli: İndiki şəraitdə heç inandırıcı görünmür. Mümkün də görünmür. Amma, doğrudan da sərt qaydalar qəbul olunsa, məsələn, hamıya amnistiya üçün bir illik vaxt verilsə, yəni bir il ərzində daşınan, daşınmaz əmlakını, vəsaitini leqallaşdırmasan və bunun müqabilində müəyyən vergisini ödəməsən (həmin kapitala qarşı çox ciddi bir vergi olmalıdır), il bitdikdən sonra ortalığa çıxan istənilən əmlak və istənilən böyük kapital dövlət tərəfindən müsadirə olunacaq. Belə sərt qaydalar qoyulmalıdır və inam yaradılmalıdır ki, kapitalın geri dönməsi təmin olunsun. Düzdür, kapitalın böyük əksəriyyəti geri dönməyəcək. Amma, ən azından bu sərt qaydalar qoyulsa bir ilin tamamından sonra ölkədən kapital çıxaranların sayı kəskin azalacaq. Çünki bunun üçün münbit şərait kifayət qədər aradan qalxmış olacaq. Bir də xaricdə kapitalı olan və sonradan üzə çıxan insanların bu qanuna, amnistiyaya əsaslanaraq inerpol, evropol xətti ilə əmlakının geri qaytarılması tələb edilə bilər. Dövlət özü də həmin əmlakların müsadirə edilməsi üçün işlər aça bilər. Yeri gəlmişkən, bizim məmurların böyük əksəriyyətinin əsasən Avropada biznesləri, daşınan, daşınmaz əmlakları var. Britaniyada, Avropa Birliyi ölkələrinin bir çoxunda artıq bu məsələ ilə bağlı irəliyə doğru addım atılıb. Yəni, şəffaf iqtisadi modelin yaranması üçün orada bir çox qaydalar sadələşdirilib. Əgər dövlət səviyyəsində bu işin üzərinə gedəcəklərsə qeyri-leqal vəsaitin qaytarılması üçün şans yaranıb. Ona görə də çox sərt qaydalar, çox sərt cəzalar, çox sərt təşviq proqramları tətbiq olunmalıdır. Bunların üçü bir yerdə həyata keçirilsə və ya koalision, ya texniki hökumət bu işi görsə bu addımın atılmasının bir mənası olacaq.

Amerikanın Səsi: Gizli iqtisadiyyatın aşkarlanmasının başqa hansı yollarını görürsünüz?

Kölgə iqtisadiyyatının böyük bir hissəsi məmurlara bağlı olduğu üçün və məmurlar tərəfindən himayədə olduğu üçün üzə çıxmayıb.

Natiq Cəfərli: İndiki şəraitdə gizli iqtisadiyyatın aşkara çıxarılmasının stimullaşdırıcı yollarından başqa, cəza tədbirləri ilə mümkün görünmür. Yəni, indiyənədək, əgər cəza tədbirləri effekt versə idi, kölgə iqtisadiyyatı yaranmazdı. Kölgə iqtisadiyyatının böyük bir hissəsi məmurlara bağlı olduğu üçün və məmurlar tərəfindən himayədə olduğu üçün üzə çıxmayıb. Ona görə də maliyyə amnistiyası ilə paralel olaraq vergi, gömrük qanunvericilikləri dəyişdirilməlidir. Stimullaşdırıcı addımlar atılmalıdır. Biznes üçün cənnət bir şərait yaradılmalıdır. Bu paralel getməsə və ən mühümü isə normal, ədalətli, tez çalışan məhkəmə, ədalət sistemi qurulmasa, bu, atılan addımların heç bir effekti olmayacaq.

Mənbə: www.amerikaninsesi.org