«Dəstək tədbirləri ilə bundan sonrakı dövrə daha yaxşı hazırlaşa bilərik»

«Dəstək tədbirləri ilə bundan sonrakı dövrə daha yaxşı hazırlaşa bilərik»

Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi koronavirusun Azərbaycan iqtisadiyyatına və biznes sektoruna təsirinin azaldılması üçün dəstək tədbirlərini açıqlayıb.

FED.az-ın məlumatına görə, Millət vəkili, Milli Məclisin sahmbkarlıq və iqtisadiyyat komitəsinin sədri Tahir Mirkişili bildirib ki, dünyada pandemiyanın yayılması, neftin qiymətinin aşağı düşməsi və bununla əlaqədar olaraq ölkədə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ölkə biznesinə və iqtisadiyyata təsirsiz ötüşməyəcək.

Millət vəkilinin sözlərinə görə, bu təsirin azaldılması üçün dəstək proqramları 600 minə yaxın insanı və bir neçə istiqaməti əhatə edir. Pandemiyanın təsiri ilə ziyana düşən 44 mindən çox sahibkarla çalışan 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur: «Çünki məhz məhdudlaşdırma tədbirləri nəticəsində bu qədər insanın əməkhaqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. 304 minə yaxın muzdla çalışan insan qeyri-neft sektorunda çalışan insanların 45 faizindən bir az çoxdur. Bundan əlavə, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır».

Millət vəkili qeyd edib ki, vergi güzəştlərində də müəyyən imtiyazların verilməsi, eyni zamanda sahibkarların banklardan götürdükləri kreditlərdə dövlət dəstəyi mexanizmlərinin hazırlanması da nəzərdə tutulur: «Xüsusən də sahibkarların götürdükləri kreditlərdə kredit faizlərinin 10 faizinə qədərinin dövlət tərəfindən ödənilməsi və yeni götürülən kreditlərdə 60 faizə yaxın girovun dövlət tərəfindən zəmanət verilməsi və 3 illik götürülən kreditlərdə faizlərin 50 faizinin dövlət tərəfindən ödənilməsi ilə bağlı məqamlar pandemiyadan sonra Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanılmasına yönəlib».

T.Mirkişili sənədin operativ hazırlandığını xüsusi qeyd edib: «Çünki məhz bu operativlik nəticəsində biz bundan sonrakı dövrə daha yaxşı hazırlaşa, iqtisadi inkişafa nail ola bilərik».

Mənbə: fed.az