İqtisadiyyatımızı koronavirus təsirindən qorumaq üçün hansı addımlar atıla bilər?-RƏY

İqtisadiyyatımızı koronavirus təsirindən qorumaq üçün hansı addımlar atıla bilər?-RƏY

Çində yaranan yeni növ koronavirus epidemiyasının artıq 200-dən çox ölkəyə yayıldığı bildirilir. Virusun qarşısını almaq üçün ölkələr müxtəlif ciddi tədbirlər həyata keçirirlər. Belə ki, başlıca tədbirlərdən biri də ölkələr arasında sərhədlərin müəyyən müddətlik bağlanması, səyahət, gediş-gəliş, idxal, ixrac kimi məsələlərin dayandırılmasıdır. Bu tədbirlər çərçivəsində hava nəqliyyatı, turizm və bu kimi bir çox sahələr, xüsusilə xidmət sektoru çox çətin bir dövrdən keçir. Koronavirus epidemiyasının yaratdığı böhrandan ən çox təsirlənənlər arasında özünüməşğulluq və biznes sahibləri də var. Həm idxalın, həm də ixracın azalması dünyanın bütün iqtisadiyyatlarının çox çətin bir dövrə qədəm qoyduğunu göstərir.Bəzi xarici iqtisadçılar bu cür fövqəladə böhranla mübarizə və mənbə tapmaq üçün pul çap etmək kimi addımlar atmağı tövsiyə etsələr də, bəzi ekspertlər bu addımın infilyasiya yaradacağı ilə bağlı xəbərdarlıq ediblər. Onlar bu çətinliyi aşmaq üçün xarici qaynaqların tapılacağını söyləyirlər.

Azərbaycan iqtisadiyyatında koronavirüsün yaratdığı böhranla mübarizə etməsi üçün atılması lazım olan addımlarla bağlı iqtisadçı-ekspert Elşad Məmmədov SONXEBER.AZ-a açıqlama verib. O, bildirib ki, hazırkı iqtisadi şəraitdə ölkədə çox ciddi sosial-iqtisadi paket həyata keçirilməlidir:

"Bu sosial paket çərçivəsində bir tərəfdən sosial yönümlü tədbirlər, yəni, əhalinin sosial vəziyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər reallaşdırmalıdır. Digər tərəfdən isə kəskin şəkildə iqtisadiyyata investisiyaların daxil olunmasının artımı təmin olunmalıdır. Bunun üçün biz pul kütləsinin artımına şüphəsiz ki, getməliyik. Amma pul kütləsinin artımı sadəcə pul çap etməklə, pul ayırmaları ilə deyil, pul kütləsinin düzgün idarə edilməsi, real iqtisadi sektora pul kütləsinin çatması ilə bu proses həyata keçirilməlidir. Ona görə də ən önəmli məsələlərdən biri ölkədə həyata keçirilən makroiqtisadi idarəetmə siyasətində məhz pul kütləsinin düzgün idarə olunması və Azərbaycanda daxili investisiya imkanlarının ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xidmət göstərməsi ilə bağlı olmalıdır.

Daxili investisiya resursları kəskin artırılmalı, daxili kreditləşmə institutu kəskin şəkildə genişləndirilməlidir. Amma bir şərtlə ki, bu kreditləşmə yumşaq şərtlərlə məhz real sektora istiqamətlənsin. Əks halda əgər bu kreditləşmə maliyə köpüklərində, valyuta, istehlak bazarında öz əksini tapacaqsa bu milli iqtisadiyyatımızda kifayət qədər ciddi problemlərin yaranmasına şərait yarada bilər. Ona görə mən düşünürəm ki, ən mühüm məqamlardan biri də yaxın zamanda pul kredit siyasəti, pul kütləsinin idarə olunması, investisiyaların real sektora çatması, innovativ iqtisadiyyatının qurulması ilə bağlı adekvat iqtisadi idarəetmə siyasətinin həyata keçirilməsidir ki, bu siyasət nəticəsində Azərbaycan iqtisadiyyyatının dayanıqlığını qorumaq mümkündür".

F.Ağayeva


Sonxeber.az

Mənbə: sonxeber.az