İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi fəaliyyətini onlayn qurub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi fəaliyyətini onlayn qurub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Microsoft Azerbaijan”la əməkdaşlıq çərçivəsində “#evdəqal” layihəsinin qaydalarına əməl etmək üçün məsafədən iş rejimini həyata keçirir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Azerbaijan” şirkəti İİTKM-in əməkdaşları üçün tam pulsuz və öhdəliksiz 180 günlük “Office 365 E1” paketini xüsusi lisenziya ilə təqdim edir. Cari təklif COVID-19 virusunun yayılması ilə əlaqədar “Microsoft” şirkəti tərəfindən rəsmi olaraq təmin edilir və əməkdaşların evdən işləməsi üçün (WFH – Work From Home) nəzərdə tutulub.

İİTKM-in İnformasiya Texnologiyaları mütəxəssisi Elgün Xəlilzadə bildirib ki, “Office 365 E1” paketinə - tam onlayn “Office 365” paketi (korporativ poçt, hər istifadəçi üçün 1TB bulud saxlancı, birgə və məsafədən əməkdaşlıq etmək üçün “Microsoft Teams” aləti, “Word Online”, “Excel Online”, “PowerPoint Online” və sair) daxildir. Məhz “Microsoft Teams” altəti əməkdaşların komanda şəklində işləmələri üçün (video müzakirələr, konfranslar və sair) daha geniş imkanlar yaradır. İİTKM-in əməkdaşları sistemdən internet bağlantısı olan istənilən məkandan və ixtiyari qurğudan kollektiv iş imkanı əldə edəcəklər.

“Microsoft Azerbaijan”nın baş meneceri Qaçay Mirzəyev deyib ki, İİTKM innovativ layihələrin tətbiqində qabaqcıl qurumlarındandır və “Microsoft Azərbaycan” mərkəzlə əməkdaşlıqdan məmnundur. Azərbaycanda sosial izolyasiya tədbirlərinə qeyd-şərtsiz əməl etmək, evdə qalaraq əmək fəaliyyətini davam etdirmək üçün bu texnoloji həldən faydalanmaq məqsədəuyğundur.

Mənbə: azertag.az