Zərdab: xüsusi karantin rejimi şəraitində zəruri tədbirlər görülür

Zərdab: xüsusi karantin rejimi şəraitində zəruri tədbirlər görülür

Zərdab, 4 aprel, AZƏRTAC

Koronavirus (COVID-19) təhlükəsi ilə bağlı xüsusi karantin rejimi şəraitində Zərdab rayonunda tibbi-profilaktik, dezinfeksiya işləri davam etdirilir, əhalinin maarifləndirilməsi, tənha ahıl insanların ehtiyaclarının ödənilməsi ilə əlaqədar ardıcıl tədbirlər görülür.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 46 ümumtəhsil müəssisəsində, 19 uşaq bağçasında, 45 idarə və müəssisənin inzibati binasında, 62 kommunal, 195 fərdi yaşayış evində, 34 ticarət obyektində, bank filiallarında, küçələrdə dezinfeksiya işləri aparılıb və bu işlər qrafik üzrə davam etdirilir.

Rayonda 160 tənha ahıl insan evlərində gündəlik ərzaq məhsulları və lazımi dərman preparatları ilə təmin olunur, onların arzu və istəklərinin yerinə yetirilməsi üçün tədbirlər görülür. Habelə, yaşı 65-dən yuxarı 70-dən çox vətəndaşa evlərində yardımlar göstərilir.

Hazırda fəaliyyət göstərilən 32 modul qrupun üzvləri tənha ahıl insanları ziyarət edərkən onlarla həm də maarifləndirici söhbətlər aparırlar. Qrup üzvləri küçələrdə sakinlərlə söhbətlər aparır, onlara xüsusi karantin rejiminin şərtlərini izah edir, küçələrə çıxmamaları, aprelin 5-dən evdən yalnız xüsusi icazə ilə çıxmağın tələb olunduğunu bildirirlər.

Mənbə: azertag.az