Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun

Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun

Koronavirus təhlükəsilə bağlı dünyada yaranmış vəziyyət əhalinin ərzaq təminatı ilə bağlı məsələləri aktuallaşdırır.

Qiymətlər ildırım sürətilə yüksələcək

Bu barədə Modern.az-a danışan Kənd təsərrüfatı nazirliyinin eksperti Nicat Nəsirli bildirib ki, bundan öncə də dünyada da, Azərbaycanda da əhalinin qida ilə təminatı risklərinin təhlili ən vacib məsələlər kimi irəli sürülürdü:

Hansı ölkələr ki, bu riskləri təhlil etmiş və hazırlıqlarını həyata keçirmişdi, onlar bu kritik dövrü nisbətən rahat keçirirlər. Amma hansı ölkələr ki, məsələni ciddiyə almadı, onlar problem yaşayacaqlar. Yenə idxaldan asılılıq artacaq, qidanın biri çatacaq, o biri çatmayacaq. Əgər əvvəllər bazarlarda mövsümü qiymət dəyişmələri olurdusa, artıq bu, ildırım sürətilə baş verəcək, istehlak bazarına nəzarəti əldə saxlamaq mümkünsüzləşəcək.

Təcili qərarlar qəbul olunmalıdır

Ekspertin sözlərinə görə, Azərbaycan o ölkələr sırasındadır ki, onun aqrar iqtisadi potensialı yüksəkdir:

Amma bu potensialdan kifayət qədər istifadə olunmur. Bunun isə səbəbləri çoxdur. Buraya insan resursları, yeni dövrə adaptasiya, risklərin təhlili və s. kimi məsələlər daxildir. Biz o ölkə iqtisadiyyatlarına aidik ki, idxal amili çox mühümdür. Çünki qeyri-neft sektorunda əsas məhsullar üzrə idxaldan asılıyıq. Koronavirus dövrü bizim üçün bir sıra təhlükəli risklər ortaya çıxarır. Qida məhsullarını xaricdən alırıq. Həmin ölkələrin özündə də karantin rejimi, fövqəladə hal rejimi ağırlaşdırılsa, o zaman idxal-ixrac əməliyyatlarına necə təsir göstərəcəyi müəmmalıdır. Ona görə də çox təcili olaraq bununla bağlı operativ qərarların qəbuluna ehtiyac var. Hətta deyərdim ki, fövqəladə kənd təsərrüfatı proqramının qəbul olunması ən vacib məsələdir. Yəni əkinçilikdə boşluqlar nədir və hansı operativ tədbirlər görülməlidir, heyandarlıqda hansı boşluqlar var və hansı tədbirlər görülməlidir və s. Ən qısa zamanda hansı addımların atılması ilə bağlı müzakirələr aparılmalıdır.

Əkinə yararlı torpaqlardan daha səmərli istifadə edilməlidir

N.Nəsirli deyir ki, koronavirus dövrünün kənd təsərrüfatı proqramı hazırlanmalıdır:

- Biz starteji yol xəritəsi kimi addım-addım necə gedəcəyimizi əvvəlcədən görməliyik. Azərbacanda bu, dövlət səviyyəsində yerli potensialı gücləndirmək üçün atılmalıdır.

Birincisi, əkinə yararlı torpaqlardan daha səmərəli istifadə olunmalıdır. Hazırda əkin dövriyyəsində olan torpaqlarımız təxminən 2 milyon hektara yaxındır. Məsələ burasındadır ki, biz torpaqların əkilməsi zamanı səmərəli istifadə etmirik. Torpaqların melorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təcili addımlar atılmalıdır ki, həm dövriyyəyə əlavə torpaqlar cəlb olunsun, həm də əkin altında olan torpaqların melorativ keyfiyyət göstəriciləri yüksəlsin ki, o məhsuldarlıq amillərinə təsir etsin.

Koronavirus yeniliklər təlqin edir

Ekspertin sözlərinə görə, koronavirusla bağlı kənd təsərrüfatına yeni istiqamətlər daxil edilməlidir:

Kənd təsərrüfatı elə bir fəaliyyət sahəsidir ki, burada kütləvilik var. Məsələn, üzüm bağındakı 1 hektarda işləməyə 120-130 nəfər cəlb olunur. Pambıqçılıqda bu, 200 nəfərə yaxındır. Yəni kənd təsərrüfatında əməktutumlu sahələr çoxdur. Amma koronavirus dövrü tələb edir ki,insanlar arasında məsafə saxlanılsın və təhlükəsizlik qaydalarına əməl olunsun. Ona görə də artıq bu sahələrin innovasiyalaşdırılması, avtomatlaşdırılması sürətləndirilməsi vacibdir. Məsələn, pambıqçılıq, baramaçılıq, tərəvəzçilik sahələrində daha çox əl əməyindən istifadə olunur, bunlar birmənalı şəkildə aradan qaldırılmalıdır. İnsanların kütləvi şəkildə sahələrdə işləməsinə yol vermək olmaz. 1-2 texnikanı sahəyə cəlb etməklə, innovasiyalara müarciət etməklə, insanların təhlükəsizliyini tam təmin edə bilərik. Nəzərə alsaq ki, kənd təsərrüfatı fəaliyyəti regionlarda baş verir və onların əmək vərdişləri şəhərdəkilərlə eyni deyil. Yəni şəhərdəkilər kimi gigiyena qaydalarına o qədər də diqqətlə yanaşmırlar. Ona görə də kənd təsərrüfatında bütün sahələr mexanikləşdirilməli və əl əməyinin sıradan çıxmasına nail olmalıyıq. Örtülü kənd təsərrüfatı istiqamətlərindən, istixanalardan istifadə olunmalıdır. O bitkilər ki, böyük areallarda əkilirdi və burada çoxsaylı insan əməyindən istifadə olunurdu, bunlar tədricən örtülü sahəyə keçilməlidir ki, həm xəstəliklərə, həm də insanların hərəkətinə nəzarət etmək mümkün olsun. Bu mənada bu istiqamətdə görüləcək işlər çoxdur və arzum ondan ibarətdir ki, konkret olaraq tədbirlər planı ortaya qoyulsun. Düzdür, bu məqamlar Strateji Yol Xəritəsində və mühüm Dövlət Proqramlarında nəzərdə tutulub. Amma o proqramlar qəbul olunanda, biz koronavirusla tanış deyildik. Koronavirus insanlara yeni yaşayış tərzi,yeni yanaşmalar təlqin edir, yeni təsərrüfat dəyərləri meydana çıxarır.

Mənbə: modern.az