Yonca bitkisinin təhlükəli zərərvericisinə qarşı mübarizə tədbirləri necə aparılmalıdır? - Fermerlərə tövsiyə

Yonca bitkisinin təhlükəli zərərvericisinə qarşı mübarizə tədbirləri necə aparılmalıdır? - Fermerlərə tövsiyə

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı qarşıya qoyduğu tələblər, həmçinin həyati əhəmiyyət kəsb edən sahələrdə fəaliyyətlərin davam etdirilməsi qaydaları gözlənilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq, hazırda tədbirlər davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində yonca sahələrinin əsas zərərvericisi olan fitonomusa (PHYTONOMUS VARİABİLİS) qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri aparılır.

Məlumat üçün qeyd edək ki, yetkin fitonomus 5-8 millimetr (xortumsuz) böyüklükdə olur. Böcəyin başı uzanaraq boru formasını xatırladır. Cavan böcəklərin rəngi sarımtıl-bozdur. Yaşlı böcəklərin üzəri boz tükcüklərlə örtülü olur. Böcəklərin üst tərəfindən uzununa doğru əvvəlcə enli, sonra isə birdən nazilən tünd-qəhvəyi rəngli zolaq gedir. Yumurtası 0,5-0,65 millimetr böyüklükdə, elips şəklindədir, əvvəlcə sarı–kəhrəba rəngində olub, inkişaf etdikcə tədricən tutqunlaşır.

Sürfənin uzunluğu 10 millimetrdir. Ayaqsızdır. Bədənin alt tərəfindən hər buğumda bir cüt iri şişkinlik vardır. Bunlar sürfənin hərəkət etməsinə, daha doğrusu, sürünməsinə kömək edir. Sürfənin rəngi yaşıldır, başı tünd-qonur, yaxud qara rənglidir.

Pupu böcəklərə xas olan açıq tiplidir və ipək sapdan toxunmuş barama içərisində yerləşir.

Azərbaycanda yonca bitkisi əkilən bütün rayonlarda fitonomus geniş yayılmaqla onun ən təhlükəli zərərvericisi hesab olunur.

Fitonomus əsasən yoncalıqda, şaxta tutmayan yerlərdə torpağın üst qatında və yaxud alaq otları altında qışlayır. Qışlama yerində temperatur 120C-dən yuxarı qalxdıqda böcəklər qış yuxusundan oyanır.

Bu sürfələr mart ayının ortalarından iyun ayının əvvəllərinə qədər külli miqdarda inkişaf edir. Bununla əlaqədar olaraq puplara az miqdarda may-iyun aylarında, cavan böcəklərə isə may ayından etibarən təsadüf edilir. Qeyd edilənlərdən aydın olur ki, fitonomusun fəal yaşayış dövrü ilin soyuq fəslinə doğru xeyli meyillidir.

Böcəklər yetkin dövründə xortumları ilə bitkilərin gövdələrini deşib, yumurtaqoyanı vasitəsilə ora yumurta qoyur. Hər bir deşikdə 15-25 yumurta olur. Bir dişi böcək ömrü boyu 2000-2500-ə qədər yumurta qoya bilir. Rüşeymin inkişafı dövrü 10-18 gündür. Yumurtadan çıxan sürfə gövdənin ucuna doğru sürünərək, cavan yarpaqların və təpə tumurcuqlarının arasına girib ( qapaqlı yaşayış dövrü ) onları gəmirir. Bitkilərin üzərində sürfələrin miqdarı çox olan zaman onların böyüməsi dayanır. Sürfələr tədricən böyüyüb, açıq-yaşayış dövrünə keçərək açılmış yarpaqlarla qidalanır.15-28 gündən sonra sürfə bir neçə yarpağı bir- biri ilə birləşdirib, arasında tordan barama hörür və onun içərisində pup halına keçir. Pupun inkişafı 6-11 gün davam edir, onlardan çıxan cavan böcəklər bir müddət yonca bitkisi ilə qidalanır, yay istilərinin düşməsi ilə əlaqədar olaraq kölgə yerlərə (bağlara, kolluqlara, tökülmüş yarpaqların altına və. s) girib yay yuxusuna gedir. Böcəklərin əksəriyyəti yonca tarlasından çoxda uzaqlaşmır. Havaların sərinləşməsi ilə əlaqədar olaraq böcəklər yay yuxusundan oyanır və payızda cinsi yetişkənliyə çataraq yumurta qoymağa başlayır.

Fitonomus sürfə mərhələsində daha çox zərər vurur. Sürfələr yoncadan başqa heç bir bitki ilə qidalanmır. Qidalanma nəticəsində yem məhsulu kəmiyyətcə azalır və onun keyfiyyəti xeyli pisləşir.

Mübarizə tədbirləri :

1. Yazda yoncalıqlar ağır malalarla malalanmalıdır.

2. İmkan daxilində yonca dibindən çalınmalıdır.

3. Toxum üçün 2-ci çalım yonca saxlanılmalıdır.

Fitonomusun sürfələrini Minici konidia (Konidia exiqua Gerv) tüfeylisi və göbələk xəstəliyi (Tarichum phytonomi Jacz) kütləvi sürətdə məhv edir.

Kimyəvi mübarizədə: Fyuri, Taram, Tarzan (Zeta Sipermetrin) 0,15 l/ha, Desis (Deltametrin ) 1l/ha, Arrivo (Sipermetrin ) 0,24 l/ha preparatlarının birindən istifadə etməklə vegetasiya müddətində çiləmə aparılır.

Aqrar Xidmətlər Agentliyi (AXA) fermerlərin nəzərinə çatdırır ki, yonca sahələrində bu zərərvericiyə rast gəldikdə Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarına müraciət edə bilərlər.

Mənbə: azertag.az