Karantin dövründə ölkədə ətin qiymətində bahalaşma gözlənilirmi?

Karantin dövründə ölkədə ətin qiymətində bahalaşma gözlənilirmi?

Azərbaycanda ət satıcıları deyirlər ki, koronavirusla mübarizə ilə əlaqədar olaraq "Mal bazarı" bazarının bağlanması səbəbindən ət qıtlığı müşahidə olunur. Eyni zamanda, satıcılar qeyd edirlər ki, mal ətinin Azərbaycana əsasən Gürcüstandan gətirildiyini nəzərə alsaq, sərhədlərin bağlanması səbəbindən yaxın günlərdə bütün ət məhsullarının qiymətinin nəzərəçarpacaq dərəcədə qalxması mümkündür.

Bununla bağlı SONXEBER.AZ-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda əhalinin ətə olan ehtiyacının yalnız 50 faizə qədəri yerli istehsalat hesabına ödənilir: "Ət ehtiyatı heç vaxt olmur. Ümumiyyətlə ət ehtiyatı heyvandarlıqda becərilən heyvanların hesabına formalaşır. Son 3 ildə ölkədə ətə olan təklifin azalması müşahidə olunur. Çünki ölkədə yerli istehsalat azalıb. Təxminən 30-40 faiz təlabatı ödəyə bilir. Amma bu gün ət idxalına da qadağa yoxdur. Gömrük keçid məntəqələrində sadəcə insanların hərəkəti məhdudlaşdırılıb. Xaricdən ətin və heyvanların gətirilməsinə heç bir qadağa yoxdur. İdxal əvvəlki qaydada davam edir. Hesab edirəm ki, bu karantin dövründə ölkədə ətin qiymətində bahalaşma olmayacaq. Əgər qiymət artımı olarsa bu süni şəkildə ola bilər. Düşünürəm ki, dövlət bu sahəyə diqqəti gücləndirəcək. Karantin müddətində dövlət bütün məsələlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatını gözləməməlidir. Gücləndirilmiş karantin rejimində dövlət sahibkarlar üzərində inzibati nəzarəti gücləndirməlidir".

Aysel Yusifqızı

Sonxeber.az

Mənbə: sonxeber.az