Xüsusi karantin rejimi müddətində “Kənd sovqatı” layihəsi vətəndaşlara dəstək olacaq

Xüsusi karantin rejimi müddətində “Kənd sovqatı” layihəsi vətəndaşlara dəstək olacaq

Bakı, 6 aprel, AZƏRTAC

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Kənd sovqatı” layihəsinin icrasını davam etdirir. Belə ki, dünyada yayılmış COVİD-19 pandemiyası səbəbi ilə ölkədə tətbiq edilən xüsusi karantin rejimində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi ilə birgə müxtəlif dəstək addımlarında iştirak edən Aqrar İnkişaf Könüllüləri bu istiqamətdə daha bir uğurlu aksiya yaradaraq, 65 yaşdan yuxarı ahıllar və aztəminatlı ailələr üçün “Kənd sovqatı” layihəsi çərçivəsində ərzaq yardımına başlayıblar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, könüllülər ilkin mərhələdə 50 regionda 150-dək ailəyə kömək edəcəklər. Lakin dəstək göstərən tərəfdaş şirkətlərin qərarlarına uyğun olaraq ailələrin sayının 1000-ə qədər yüksəldilməsi hədəflənib.

Könüllülər, eyni zamanda, bir neçə böyük layihədə çalışırlar. Onlar əhalinin maarifləndirilməsi, yerlərdə insanların onlayn fəaliyyətinə dəstəyin verilməsi, eləcə də yaşlı və ehtiyaclı insanların araşdırılıb qeydə alınması və onlara müxtəlif istiqamətli dəstəyin verilməsində iştirak edirlər.

Məlumat üçün bildirək ki, əvvəlki illərin də ənənəsi ilə “Kənd sovqatı” “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının uzunmüddətli davamlı layihəsidir. Layihənin məqsədi sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsidir. Layihə çərçivəsində ölkənin bütün regionlarında müxtəlif ailələrin ehtiyacları nəzərə alınaraq dəstək göstərilir, həmçinin şəhid ailələri və ahıllar könüllülər tərəfindən mütəmadi ziyarət edilir.

Mənbə: azertag.az