İtaliyada turizm sektorunun itkiləri açıqlanıb

İtaliyada turizm sektorunun itkiləri açıqlanıb

İtaliya turizm sektorunun yeni koronavirus nəticəsində çəkdiyi zərərin həcmi bu ilin sonunadək 120 milyard avroya çata bilər.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə İtaliya Turizm Müəssisələri və Peşələri Konfederasiyasının rəhbəri Luka Patane bildirib.

Həmçinin mart-may ayları ərzində 30 milyondan artıq turistin ölkəyə gəlməyəcəyinin gözlənildiyi qeyd olunub.

Qeyd edək ki, martın 10-dan ölkədə sərt karantin rejimi tətbiq olunub. Məktəblər, ictimai iaşə və ticarət (ərzaq və əczaçılıqdan başqa) müəssisələri, mədəniyyət və əyləncə mərkəzləri, idman qurğuları, gündəlik tələbat məhsullarını istehsal edənlərdən başqa, bütün sənaye müəssisələri fəaliyyətini dayandırıb. Bir çox şirkətlər məsafəli iş qaydasına keçib. Vətəndaşların hərəkətinə də böyük məhdudiyyətlər qoyulub. Karantin rejimini pozanlara qarşı 400-3 000 avro məbləğində cərimə tətbiq olunur.

Koronavirusdan ən çox zərər çəkən ölkələrdən olan İtaliyada son məlumata görə 128 948 nəfər yoluxan, 15 887 nəfər ölən var.

Mənbə: report.az