Marketlərdə gigiyena qaydaları – əməl etməyənlər cəzalandırılacaq

Azərbaycanda xüsusi karanti rejimində yalnız marketlərin və apteklərin sərbəst fəaliyyətinə icazə verilir.

Musavat.com xəbər verir ki, iri supermarketlərdə virusa yoluxmanı önləmək üçün un məmulatları sellofan paketlərdə satılır. Marketlərin meyvə-tərəvəz, konfet bölməsinə rezin əlcəklər qoyulub. Eyni zamanda içəri daxil olan zaman müştərilən əlinə xüsusi dezinfeksiya edici maye vurulur, temperaturları ölçülür. Bütün bu sadaladıqlarımızın heç biri məhəllə marketlərində, hətta bəzi iri marketlərdə mövcud deyil. Həmin marketlərdə çörəklər açıq satılır, əlcək və digər yuxarıda sadaladığımız vasitələr isə mövcud deyil.

Bəs Qida Təhlükəsizliyi Agentliyi mağazalara nəzarət etmirmi?

Qurumun mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, AQTA xüsusi karantin rejimi ilə bağlı ərzaq məhsullarının satışı məntəqələrində monitorinqləri davam etdirir: “AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Eyni zamanda bu tədbirlər çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri görülür.

İndiyədək Agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər.

Qeyd edək ki, Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndrimə tədbirləri çərçivəsində bu günlərdə respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqlərində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində quraşdırılıb”.

Qurumdan bildirilib ki, iri supermarketlərlə yanaşı, məhəllə daxilində fəaliyyət göstərən kiçik marketlərə də baxış keçirilir və lazımı qaydalara əməl edilməsi üçün göstərişlər verilir.

Onu da bildirək ki, artıq küçələrdə dönər, peraşki və digər bu kimi açıq formada qida satan obyektlərin fəaliyyəti dayandırılıb. Hazırda yalnız marketlər, apteklər fəaliyyət göstərib, müştərilərə xidmət edirlər.

Minval.info

ƏVVƏLKİ XƏBƏR

Ərdəbilli soydaşımız günahsız olaraq məhkəmə hökmü ilə edam edilib

SONRAKI XƏBƏR

​QARABAĞDA ERMƏNİ ƏSGƏRİ YOX, TERRORÇULAR VAR! – Məğrur Bədəlsoy yazır...