Dünya iki gün sonrakı o görüşü gözləyir -OPEK-in toplantısında anlaşma olmazsa...

Dünya iki gün sonrakı o görüşü gözləyir -OPEK-in toplantısında anlaşma olmazsa...

Dünya neft bazarınin diqqəti OPEK+ üzvləri və daha 7 ölkənin - Argentina, Braziliya, Norveç, Kolumbiya, Misir, İndoneziya, Trinidad və Tobaqonun iştirakı ilə aprelin 9-da baş tutacaq videomüşavirəyə yönəlib. Müşavirənin hansısa qərara gətirib-gətirməyəcəyi ciddi sual altında olsa da, onun keçirilməsi, özü də bilavasitə ABŞ-ın müdaxiləsindən sonra təşkil olunması bazarlara müsbət təsirini artıq göstərib – “Brent” markalı neftin qiyməti 35 dollara qədər yüksəlib.

Neft qiymətlərinin tənzimlənməsi istiqamətində mühüm addım hesab olunan müşavirədən öncə böyük hasilatçılar arasında gedən müzakirələr də diqqəti cəlb edir. Belə ki, neft bazarındakı ifrat ucuzlaşmanın qarşısını almağa ilk çağırış ABŞ-dan gəldi – OPEK-i monopolist kartel elan edən, OPEK+ çərçivəsində hasulatın azaldılması sazişinə qoşulmayan ölkədən. Prezident Donald Trampın birbaşa iştirakı ilə Rusiya və Səudiyyə Ərəbistanı arasında bazarın hasilatın azaldılması yolu ilə tənzimlənməsi istiqamətində danışıqlar bərpa olundu. İlk günlərdə hər iki ölkədən səsləndirilən bəyanatlarda hasilatın azaldılması razılaşmasına bütün neft istehsalçılarının, ilk növbədə isə ABŞ-ın qoşulması şərti irəli sürülürdü. Bu şərtə qarşı ABŞ-ın cavabı özünü gözlətmədi – Tramp Moskva və Ər-Riyadı hasilatı azaltmaqla bağlı razılığa gəlməyəcəkləri təqdirdə ABŞ-a neft idxalına əlavə rüsum tətbiq edəcəyi ilə hədələdi. Onun dediyinə görə, ABŞ-da hasilatı azaltmaq çətindir, çünki istehsalçılar çoxsaylı özəl şirkətlərdir, dövlət onlara hasilatı azalt deyə bilmir. Amma Rusiya və Səudiyyədə hasilatçı iri dövlət şirkətləridir, dövlət onların əvəzindən hansısa öhdəliklər götürə bilir.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, bu ölkəyə idxal olunan neftin 56 faizi Kanadaya məxsusdur – gündəlik 3,8 milyon barel. Rusiyanın ABŞ-a ixracı gündəlik 696 min barel, Səudiyyə Ərəbistanınkı isə 468 min barel təşkil edir. Neftin 1 tonunu Belarusa 4 dollara satmaq məcburiyyətində qalmış Rusiya, hazırkı ucuzlaşmadan külli miqdarda ziyana düşmüş Səudiyyə üçün ABŞ-a ixracı dayandırmaq çox ciddi fəsadlar verə bilər. Buna görə Rusiya və Səudiyyə Ərəbistanı Trampın bu açıqlamasından sonra ABŞ-ın hasilatın azaldılmasında iştirakı barədə açıq fikir səsləndirməkdən çəkindilər.

ABŞ-dan fərqli olaraq iri neft hasilatçısı olan Kanada razılaşmaya qoşulacağını istisna etməyib. Eyni zamanda, ABŞ-ın xaricdən neft idxalına əlavə rüsüm tətbiq etmək niyyətini də dəstəkləyib.

İlkin olaraq aprelin 6-na təyin olunan OPEK+ müşavirəsi isə tərəflərin hasilatın azaldılması paylarına görə kəskin fikir ayrılığı üzündən 9-na təxirə salındı. Qeyd edək ki, Rusiya hasilatın bu ilin birinci rübündəki səviyyədən hesablanmaqla azaldılmasını təklif edir. Birinci rübdə OPEK+ çərçivəsində hasilatın azaldılmasına dair əvvəlki razılaşma qüvvədə olub. Aprelin əvvəlindən isə Səudiyyə hasilatı kəskin artırıb. İndiki səviyyə ilə hesablansa, gündəlik hasilatın 10 milyon barel azaldılması halında Ər-Riyad birinci rübə nisbətən cəmi 1 milyon barel azalmaya gedəcək. Apreldə hasilatı artırmayan Rusiya isə daha kəskin azalmaya getməli olacaq. Bu məsələyə görə yaranan fikir ayrılığı üzündən müşavirə 3 gün geri çəkildi. Dünən Bloomberg agentliyinin yaydığı məlumata görə, artıq ziddiyyətlərin aradan qaldırılması istiqamətində ciddi irəliləyişlər əldə olunub.

OPEK+ ölkələrinin müşavirəsinin səhəri gün neft bazarındakı vəziyyət “Böyük 20-lik ” ölkələrinin energetika nazirlərinin görüşündə müzakirə olunacaq. Neft sektorundakı mənbələrdən “Bloomberg” agentliyinə verilən məlumata görə, görüşdə məqsəd ABŞ-ın da hasilatın azaldılması üzrə danışıqlara cəlb olunmasına şərait yaratmaqdır.

Rusiya mənbələri bildirirlər ki, hasilatı sutkada 1 milyon barrel azaltmaq Rusiya üçün texniki baxımdan asan deyil. Bunun üçün şirkətlər 15 mindən çox neft quyusunu bağlamalıdır. Hansı ki, onları sonradan yenidən işə salmaq xeyli çətin prosesdir. Hətta sovet dövründən qalan quyularda hasilat dayanarsa, ümumiyyətlə, bərpa qeyri-mümkün olar. Səudiyyə Ərəbistanı isə hasilatı 2 milyon barrel azaltmaq üçün cəmi 200 quyunu bağlamalı olacaq ki, onların sonradan işə salınması elə də çətinlik törətmir. Belə ki, Səudiyyə Ərəbistanında quyuların məhsuldarlığı qat-qat yüksəkdir.

ABŞ-a gəldikdə, burada hasilatın adminstrativ qaydada azaldılması hüquqi baxımdan böyük çətinliklər yarada bilər. Lakin analitik mərkəzlər hesab edirlər ki, burada çıxış yolu koronavirusa yoluxmanın aşkarlandığı Meksika körfəzində karantin rejimi çərçivəsində hasilatın dayandırılması ola bilər. Bu, ABŞ-da hasilatın 2 milyon barel azalması demək olacaq. Digər bir variant kimi ABŞ-ın ən böyük neft hasilatçısı olan Texas ştatının razılaşmaya qoşulması qeyd edilir. Xatırladaq ki, məhz bu ştatın tənzimləyici orqanının komissarı Səudiyyə və Rusiya ilə dünya bazarındakı vəziyyəti tənzimləmək istiqamətində danışıqlar aparırdı.

Aprelin 9-da razılaşma əldə olunmasa nə baş verə bilər? Bazarların ilkin reaksiyası, əlbəttə, qiymətlərin 2-3 gün ərzində kəskin enməsi olacaq. Bu fonda OPEK+ görüşünün əsas təşəbbüskarlarından biri olan ABŞ-ın davranışlarından çox şey asılı olacaq. ABŞ görüş iştirakçılarından əsas hasilatçılar olan Rusiya və Səudiyyə Ərəbistanına qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə etməklə onları yenidən danışıq masasının arxasına yığmağa nail ola bilər. Bu təzyiq mexanizmlərindən birini Tramp artıq açıqlayıb – ABŞ-a neft idxalına əlavə rüsumların tətbiqi.

ABŞ-ın digər təzyiq mexanizmi neft daşıyan tankerlərə qarşı sanksiyaların tətbiqi ola bilər. Belə sanksiyalar Rusiya və Səudiyyə neftinin terminallarda yığılıb qalmasına və necə deyərlər, “düz yola” qayıtmalarına gətirib çıxara bilər.

Rusiya mənbələri hesab edirlər ki, ABŞ neft bazarında vəziyyəti tənzimləmək üçün başqa bir varianta da əl ata bilər. Söhbət İranla münasibətləri kəskinləşdirməklə Fars körfəzindən dünya bazarına neft çıxarılmasının qarşısını almaqdan gedir. Bu körfəzdən bazara gündə 20 milyon barel neft çıxarılır və onun dayanması bazarda qiymətlərin kəskin artımı üçün tam yetərlidir.

Lakin nəzərə alsaq ki, Fars körfəzindən bazara çıxarılan neftin mühüm bir hissəsi ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanına məxsusdur, bu variantın reallıq əmsalının elə də yüksək olmadığını görə bilərik. Bu baxımdan, prezident Donald Trampın bir neçə gün əvvəl ucunu göstərdiyi “qamçı”nın – idxala əlavə rüsumların tətbiqi mexanizminin işə düşəcəyi daha real görünür...

 

Mənbə: moderator.az