AZAL və turşirkətləri pandemiyaya görə geri qaytarılmalı biletlər üçün - NƏ TƏKLİF EDİR?

AZAL və turşirkətləri pandemiyaya görə geri qaytarılmalı biletlər üçün - NƏ TƏKLİF EDİR?

Bildiyimiz kim,i COVID-19 pandemiyası ilə bağlı əksər aviaşirkəti xarici ölkələrə uçuşları karantin bitənə qədər ləğv edib.

Eləcə də, epidemioloji vəziyyətlə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün ləğv edilmiş istiqamətləri üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətləri üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.

 

AZAL-ın açıqlamasına görə, bu şərtlərlə biletlər geri qaytarılırdı:

-Ukraynanın hava sərhədlərinin bağlanması ilə əlaqədar “Buta Airways” aviaşirkətinin Kiyev, Lvov, Xarkov və Odessa istiqamətləri üzrə reyslərinə bilet almış sərnişinlər tarifdən asılı olmayaraq aviabiletləri cəriməsiz geri qaytara və yaxud dəyişdirə biləcəklər;

-Dövlət qulluqçuları, tibb işçiləri və tələbələr bu statusu təsdiq edən sənəd təqdim edərək AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətləri üzrə aviabiletləri cəriməsiz qaytara və yaxud dəyişdirə bilərlər;

-AZAL və “Buta Airways” aviaşirkətlərinin fəaliyyətdə olan reyslərinə bilet əldə etmiş bütün sərnişinlər müraciət tarixindən asılı olmayaraq gediş və gəliş tarixlərini tariflər arasındakı fərqi ödəmədən və cəriməsiz dəyişdirə bilərlər. Bunun üçün bileti təqdim etmək lazımdır (çap və yaxud skan versiyada);

-Hər bir bilet yalnız bir dəfə cəriməsiz dəyişdirilə bilər.

FED.az məlumat verir ki, lakin bir neçə gün geridə qalsa da AZAL-dan hələ yenicə cavab alan müştəriləri də var. Onlardan biri qeyd edir ki, onun müraciətinə çox gec bir zamanda cavab verilib.

“Milli aviadaşıyıcımız dəfələrlə açıqlama verdi ki, bileti olan vətəndaşlar səbirli olsunlar, tez-tez müraciət eləməsinlər, gözləsinlər, biletlərin qaytarılmasına təminat veririk, yanınızdayıq. Düşündüm yəqin ki, AZAL-ın uçuşları və müştəri sayı Türk Hava Yollarından çoxdur, cavab verməyi çatdıra bilmirlər, təmkinlə gözlədim.

Nəhayət ki, müraciətimə 19 gün sonra cavab gəldi və dedilər ki, həmin təminat vədimizi ləğv etmişik, pulları qaytarmırıq. Dünən etdiyim müraciətimə isə cəmi bircə günə cavab gəldi. Köhnə müraciətlərə niyə belə gec baxındığını təxmin etmək olur”- bunu AZAL-ın müştərisi olmuş şəxs bildirir.

Hazırda müştərilər pandemiya ilə əlaqədar aldıqları bileti geri qaytararaq pullarını dərhal geri almaq istəyirlər. FED.az xəbər verir ki, bu səbəbdən də turizm şirkətləri bəzən çətinliklə üzləşir, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov APA-ya deyib: “Pandemiyadan əvvəl bilet geri qaytarılanda turizm şirkətləri pulu dərhal geri qaytarır və növbəti hesabat dövründə digər satışlarla hava yolları şirkətləri ilə əvəzləyirdilər. Çünki bilet alınan kimi turizm şirkətləri pulu dərhal hava yolları şirkətlərinə ötürmürdülər. İndi isə pulun geri qaytarılması vaxt aparır. Çünki hava yolları şirkəti tərəfindən pulların turizm şirkətlərinə qaytarılması 45-60 gün vaxt çəkə bilər. Daha da tez ola bilər təbii ki, amma maksimum bu qədər çəkə bilər. Bunu normal qarşılayan vətəndaşlar da olur, amma bəzən pulu dərhal geri istəyirlər. Hazırda satışların olmaması səbəbindən isə şirkətlər operativ formada pulu müştərilərə geri qaytarmaqda çətinliklərlə üzləşdirib”.

Qəhrəmanov bildirib ki, hava yolları şirkətləri həmin müştərilərə bir neçə təklif edir: “Bu təkliflərdən biri hava yolları şirkəti tərəfindən alternativ olaraq biletlərin bir il ərzində cəriməsiz dəyişdirilməsidir. İkinci məsələ isə eyni məbləğə uçuş vauçerilərindən istifadə imkanları təklif edirlər ki, bundan da il ərzində hansısa səfərdə istifadə etmək olar. Yəni tutaq ki, vətəndaş Kiyevə getməli idi, amma artıq ora gedəsi olmayacaq. Daha sonra il ərzində hansısa ölkəyə gedəcəksə, həmin məbləğdə vauçerdən istifadə edə bilər. Fərqi yoxdur, müştəri hansı turizm şirkəti vasitəsilə gedir, vauçeri Hava Yolları həmin müştərinin adına təqdim edir.

Təəssüf ki, bu məlumatlar bütün müştərilərdə olmadığı üçün onlar məsələyə şübhə ilə yanaşırlar. Bu, beynəlxalq praktikada da var və hazırda bir neçə hava yolu şirkəti tərəfindən tətbiq edilir. Pandemiya nəticəsində uçuşlar dayanıb və hamı buna anlayışla yanaşmalıdır. Müştəri və turizm şirkəti arasında narazılığın yaranması təbii ki, şirkətin özünün də marağında deyil. Çünki pandemiyadan sonra şirkət müştərisini itirmək istəmir. Hamı bir-birinə anlayışla yanaşsa, bu məsələ həllini tapa bilər”.

Mənbə: fed.az