Covid-19-un ölkəmiz üçün törədəcəyi fəsadlar və ondan sonrakı isqtisadi və sosial durum

Covid-19-un ölkəmiz üçün törədəcəyi fəsadlar və ondan sonrakı isqtisadi və sosial durum

Tarixə nəzər salsaq, onu əhatəli şəkildə təhlil etsək süurlu canlı məxluqların yarandığı gündən bugünkü günə qədər müxtəlif dövrlərdə həm mühariblər, həm də genişmiqyaslı xəstəliklərin tüğyan etdiyini müşahidə etmək mümkündür. Məhz bu müharibələr və genişmiqyaslı xəstəliklər nəticəsində on min, yüz min, hətta milyonlarla insanların kütləvi ölüm halı baş vermiş, eləcə də ölkələrin iqtisadiyyatına külli miqdarda zərər dəymişdir. Lakin təhlil nəticəsində bütün bu itki və zərərlərin çox qısa müddətdə aradan qalxdığını, hətta bəzi hallarda unuldulduğunun belə şahidi oluruq. Belə müharibələrə Makedoniyalı İsgəndərin Avropa və Asiya istilaları, Ərəblərin yürüşləri, Monqolların Avrasiya istilaları, Əmir Teymurun fəthləri, “Yüzillik müharibə”, ABŞ-da vətəndaş müharibəsi, I və II dünya müharibələri və bu kimi digərlərini misal göstərmək olar.

Bəşər tarixində ən genişmiqyaslı şəkildə yayılmış xəstəliklərə (pandemiya) gəldikdə isə müxtəlif dövrlərdə “Vəba” və ya “Qara ölüm”, “Kolera” emidemiyası, “İspan qripi”, “Su çiçəyi” kimi xəstəlikləri qeyd etmək olar. 21-ci əsrdə isə ilk olaraq “SARS”, daha sonra isə “Quş qripi”, “Donuz qripi” və “Ebola” kimi xəstəliklər kütləvi insan tələfatına gətirib çıxardı. Statistikaya nəzər salsaq görərik ki, ilk olaraq orta əsrlərdə geniş miqyas almış vəba xəstəliyi 75 milyon insanın, daha sonra isə 19-cu əsrdə Çində 10 milyon, ümumilikdə isə təxminən 100 milyona yaxın insanın ölümü ilə nəticələnmişdir. Tarixdə ən böyük insan itkisinə səbəb olan xəstəliklərdən biri də “İspan qripi” olmuşdur. Xəstəliyin “İspan qripi” adlandırılmasının səbəbi heç də onun İspaniyada yaranması deyildir. Xəstəliyin ispan qripi olaraq adlandırılmasının əsas səbəbi virusun yayılmağa başlamasının ardından ilk reaksiyanın İspaniyadan gəlməsi idi. Belə ki, bir çox dünya dövlətləri baş verən hadisələrə bir ad verə bilmədikləri halda, İspaniya mətbuatı və cəmiyyəti yeni bir virus dalğasının yayıla biləcəyi məsələlərini müzakirə edirdi. Düşünülənin əksinə virus ilk dəfə İspaniyada yarananmamış və ən çox insan itkisi də İspaniyada baş verməmişdir. “İspan qripi” ilk dəfə 1918-ci ilin 11 mart tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatında aşkarlanmışdır. Bu xəstəlik 1918-1920-ci illərdə dünyanı ağuşuna almış və həmin dövrdə bitməkdə olan Birinci Dünya Müharibəsindən daha çox insan ölümünə - yəni sözügedən müharibədə 10 milyon göstərici qeydə alınmışdısa bu xəstəlikdən təqribən 18 ay ərzində 100 milyona qədər insanın yəni dünya əhalisinin 5 faizinin ölümünə səbəb olmuşdur. Hazırkı qrip epidemiyasını tutan hər 10.000 insandan biri ölürsə, “İspan qripi”ndə bu nisbət 20%-ə çatdığı təxmin edilirdi. İspan qripi yayıldığı ilk 25 həftədə 25 milyon insanı öldürüb. İkinci Dünya Müharibəsində isə 25 milyon hərbi qulluqçu, 27 milyon dinc əhalinin həyatına son qoyuldu.

Tək ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərinə nəzər yetirsək acı bir mənzərənin şahidi olmuş olarıq. Belə ki, böyük bir imperiyanın məhv olması, iqtisadi durumun iflic vəziyyətə düşməsi, müharibə şəraiti ilə əlaqədar çoxlu sayda insan itkisi, dinc əhalinin yeməyə çörək belə tapmaması və s. kimi çətinliklər yəqin ki, o dövrdə yaşayan bir çox insanların yaxşı xatirindədir. Ən pisi də bu vəziyyətin nə vaxt düzələcəyini belə bilməmək idi. Lakin insanlar arasında bu qədər panikanın olmaması məhz sosial şəbəkələrin həmin dövrdə insan həyatına hökmranlıq etməməsi ilə bağlı idi. Vəziyyətin sonradan müsbətə doğru düzəlməsi isə artıq bizlərə məlumdur.

Son dövrlər isə bütün dünyanı öz ağuşuna almış “Koronavirus (COVID-19)” pandemiyası nəinki ölkəmizdə, eləcə də bütün dünyada bir çoxları üçün ən qorxulu kabusa, bəlaya çevrilmişdir. Və bəzi mütəxəssislər bu pandemiyanı III Dünya Müharibəsi və ya dünyanın sonu kimi də xarakterizə edirlər. Lakin mən bu fikirlərlə qəti şəkildə razı deyiləm. Çünki yuxarıda həm dünya müharibələri, həm də genişmiqyaslı xəstəliklər nəticəsində çox qısa müddətdə dünyasını dəyişən insanların statistik rəqəmləri ilə bugünkü “Koronavirus” qurbanlarının statistikasını üzləşdirdikdə bunu aydın şəkildə sezmək mümkündür. Baxın bugün bütün dünyada müxtəlif xəstəlik və səbəblərdən, o cümlədən xərçəng, ürək və böyrək çatışmamazlığı, aclıq, cinayət və digər səbəblərdən hər gün ölənlərin nisbəti bu xəstəlikdən ölənlərin sayından müqayisə edilməyəcək dərəcədə dəfələrlə çoxdur. Hazırda başqa bir reallıq da var bu da elmi tərəqqinin əvvəlki dövrlərə nisbətdə daha yaxşı inkişaf etməsi ilə bağlıdır.

Bugün insanlar arasında böyük bir panika vardır. Məhz bu panikanın da əsas səbəbini mən sosial şəbəkələrdə görürəm. Sosial şəbəkələr insan psixologiyasına çox böyük mənfi təsirlər göstərir. Bir faktı da diqqətinizə çatdırmaq istərdim. Belə ki, 1959-cu ilin sonu 1960-cı ilin əvvələrində keçmiş SSRİ-də çox ağır dəhşətli bir epidemiya – “qara çiçək” epidemiyası yayılmış, lakin o vaxtkı hökumət tərəfindən operativ və gizli şəkildə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu bəladan qurtulmaq mümkün olmuşdur. Həmin dövrdə sosial şəbəkələr olsa idi təsəvvür edin digər dünya ölkələrini nəzərə almasaq bütün ittifaq dövlətləri panika içərisində olacaqdı.

Hazırda koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində ölkə rəhbərliyi tərəfindən sosial izoliasiya tədbirləri ilə yanaşı digər məqsədyönlü tədbirlər görülməkdədir. Belə ki, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli müvafiq Sərəncamı imzalanmış və həmin sərəncamdan irəli gələrək Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Sözügedən Tədbirlər Planının əsas istiqamətləri - iş yerlərinin və sosial sabitliyin qorunması, iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi, iqtisadiyyata və sahibkarlığa dövlətin kredit-zəmanət dəstəyinin göstərilməsi, iqtisadiyyatın və sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi, pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin görülməsi, post-pandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, məşğulluq və sosial rifaha dəstək və digər mühüm istiqamətləri özündə ehtiva edir.

Görülən tədbirlərin bariz nümunəsi kimi “Yeni klinika” tibb müəssisəsinin açılışı, eləcə də bir neçə gün bundan öncə ölkəmizdə məlum pandemiya ilə əlaqədar tibbi maska çatışmamazlığının aradan qaldırılması ilə bağlı çox qısa bir müddətdə cəmi 2 həftə ərzində istifadəyə verilmiş tibbi maska istehsalı müəssisəsinin yaradılmasını qeyd etmək olar. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan bu müəssisə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılmışdır. Belə bir ağır şəraitdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə ən məsuliyyətli işi öz üzərinə götürərək layiqincə öhdəsindən gələn “Bakı Tekstil Fabriki” MMC-nin direktoru, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayevanın bu fəaliyyəti təqdirəlayiqdir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xəttinin qurulması və ikinci mərhələdə istehsal həcminin 2 dəfə artırılaraq gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması planlaşdırılır. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəmək, daha sonra isə xarici ölkələrə ixracı da nəzərdə tutulmuşdur.

Göründüyü kimi ölkə rəhbərliyi koronavirus pandemiyasının həm ölkəmizdə yayılmasının qarşısının alınması, həm də iqtisadiyyata verə biləcəyi zərərlərin tez bir zamanda aradan qaldırılması istiqamətində məqsədyönlü və təxirəsalınmaz işlər görməkdədir. Buna görə də heç bir panikaya ehtiyac olmadığı, hökumətin müəyyən etdiyi müddət ərzində “evdə qal” tələbinə əməl etməli və ölkə iqtisadiyyatının post-pandemiya dövründən sonrakı müddətdə davamlı inkişafına öz inam və əməllərimizlə dəstəkləməli və töfhəmizi verməliyik. Mən əmin edirəm ki, aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz tez bir zamanda ən az itgilərlə bu bəladan qurtulmaqla yanaşı, iqtisadiyyatımız güclənəcək və əhalinin sosial rifah halı daha da yaxşılaşacaqdır.

​NURLAN ŞAKİROĞLU (Verdiyev)

​Azərbaycan Respublikasının Prezidenti yanında

​Dövlət İdarəçilik Akademiyasının II kurs magistrantı

Mənbə: moderator.az